Qiymət artımının səbəbi nədir? - Ekspertlərdən AÇIQLAMA

 15:48 01.07.2024     416

Xəbər verdiyimiz, kimi Tarif Şurasının növbəti iclasında avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpiyə qaldırılıb. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobuslarında sərnişindaşıma xidmətinin tarifi 70 qəpik olaraq təyin edilib. Həmçinin Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. 

Maraqlıdır, Tarif Şurasının qəfil qiymət artımına getməsi hansı ehtiiyacdan yarandı?

Mövzu ilə bağlı Redaktor.az-a danşan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, qiymət artımının səbəbi daşıyıcı şirkətlər tərəfindən irəli sürülən təkliflər əsasında baş verib. 

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki daşıyıcı şirkətlər hazırda kifayət qədər borc içindədir. Xüsusən pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərir, onlar borcdan inkişaf edə bilmir. Dövlət tərəfindən onların üzərinə vəzifə qoyulub, həmin şirkətlər yeni, müasir, komfortlu avtobuslar gətirməlidir. İnsanlara daha keyfiyyətli xidmət göstərilməlidir. Belə bir formatda daşıyıcı şirkətlər çətin vəziyyətdə qalırlar. Səbəb odur ki, avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib. Ən çox da ehtiyat hissələrinin, sürtkü yağlarının, yanacaqların özünün bahalaşması fonunda ictimai nəqliyyatda gedişhaqları eyni qalıb. Daşıyıcı şirkətlər də özəl şirkətlərdi.
Özəl şirkət olaraq onların inkişaf etmək imkanları məhdudlaşır. Bir avtobusun qiyməti 600 min manat dəyərindədir. Bu dəyəri ödəmək elə də asan deyil. Əvvəllər bu qiymətə 2-3 avtomobil almaq mümkün idi. Daşıyıcı şirkətlər qiymətin 60-70 qəpik civarında olması arqumentini ortaya qoyur. Mövcud tələblər də bunu deməyə əsas verir. Bu məsələlər dövlət tərəfindən tənzimləndiyi üçün daha çox artıma gedilmədi. Daşıyıcı şirkətlərə qoyulan tələblər xərclərin artmasına səbəb olur. Xərclərin artması da qiymət artımına səbəb olur",- ekspert dedi. 

Daha bir ekspert Aslan Əsədov da qiymət artımını daşıyıcı şirkətlər və metropoliten tərəfindən edilən müraciətlərdən qaynaqlandığını bildirdi. 

O, həmçinin qiymət artımın kompleks yanaşma əsasında əvvəlcədən hesablanmış, iqtisadi göstəriciləri nəzərə alaraq atılan addım  olduğunu vurğuladı. 

A.Əsədovun sözlərinə görə, qiymətlərdə müşahidə olunan artım ictimai nəqliyyatdan istifadə edənlərin sayında azalmaya səbəb olmayacaq. 

Aygün MİRAKİF