"Axtarsaq, 2400 məktəbdə tibb xidmətinin təşkilində boşluq var..." - Ekspert
Xəbər verdiyimiz kimi, TƏBİB Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunduğunu, yalnız 24 məktəbin tibb xidmətilə təmin edilmədiyini açıqlayıb.
Maraqlıdır, bu məktəblərdə şagirdlərin sağlamlığı ilə bağlı fövqəladə hadisə baş versə buna kim cavab verəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, məktəblərdə, orta təhsil müəssisələrində tibb və iaşə xidmətlərinin təşkili qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib.
"Bu qaydalara əsasən də zəruri addımlar atılmalıdır. Həmin qaydalara əsasən, məktəb hansı əraziyə tabedirsə, həmin ərazinin sahə poliklinika sahə həkimini məktəbə tibb işçisi təyin etməlidir. Həmin tibb işçisi məktəbin yox, poliklinikanın işçisi sayılır. Sadəcə olaraq xidmət yeri məktəbdir. Tibb otağı o demək deyil ki, ən zəruri, tibbi stasionar alətləri çıxmaq şərtilə yüksək səviyyəli alətlə təchiz olunmalıdır. Xeyr. Onun öz funksiyası var. O ilkin tibbi yardım, ilkin ambulator müayinə və müdaxilə üçün nəzərdə tutulmuş işdir. Sovet dövründə də belə olub. Dünyanın müxtəlif ölkələrində də belədir. Azərbaycanda xüsusi tibbi təchizatla təmin olunmuş otaqlar yoxdur.
İlkin tibb müdaxilə üçün bu lazımdır deyirik, amma gəlin görək bunun üçün lazımlı avadanlıq, tibb işçisi varmı? Bu da məsələnin başqa tərəfidir. Çox təəssüflər olsun ki, yoxdur", - deyə E.Nuri söylədi.
O həmçinin qeyd etdi ki, uşaq sayının azlığı məktəbdə tibb otağının, tibb işçisinin olmamasına qətiyyən səbəb kimi göstərilə bilməz.
"Bu gün bizim məktəblərdə tibb işçilərinin neçəsi yerindədir? Məktəblərin neçə faizində tibb işçisi öz otağında oturaraq müraciətləri gözləyir, fəaliyyətyönlü işlə məşğuldur? Bu araşdırılmalıdır. Araşdırıldıqdan sonra ciddi boşluq kimi aradan qaldırılmalıdır. Bizdə elə məktəblər var ki, oradakı şagird kontingenti 1000-1500-dən çoxdur. 1500 uşaq həftənin 5 və ya 6 günü dərsə gedir. Hər bir hadisə ola bilər. Ən azı burada uşaq pilləkəndən yıxıla, müdaxilə olmasa böyük fəsadlar yarana bilər, qəfil uşaq özündən gedə, burnundan qan açıla bilər. Bu arzuolunan detal deyil, tələb olunan hadisədir. Çünki, təhsil qanunvericiliyində bu öz əksini tapır. Uşaq sayının azlığı və çoxluğu ikinci dərəcəlidir. Biz deyirik ki, uşaq sayı çox olan məktəbdə olması vacibdir. Amma bu o demək deyil ki, 300, 500 şagirdi olan məktəblərdə tibbi otağın olmamasına göz yumaq. Hadisə baş verəndə 50 şagird arasında da baş verir. Tələb təklif məsələsində bir uzlaşma pozulur. Ona görə TƏBİB 24 məktəbdə tibb xidməti olmadığını açıqlayıb. Bunu da uşaq sayının az olması ilə əlaqələndirib.
Birincisi, bu 24 rəqəminin özü azdır. Axtarsaq, 2400 məktəbdə tibb xidmətinin təşkilində boşluq var. Ölkə məktəbləri təkcə paytaxt məktəbləri ilə yekunlaşmır. Məgər, 329 paytaxt məktəbinin hamısında tibbi xidmət fəaliyyət göstərir, yaxud tibb otağı var? Suallar çoxdur. Mövzu çox düşündürücüdür. Uşaq sayının azlığı məktəbdə tibb otağının olmamasına, tibb işçisinin olmamasına qətiyyən səbəb kimi göstərilə bilməz", - deyə o, fikrini tamamladı.
Aygün Mirakif