Polkovnik Cəlil Xəlilov fəxri qonaq qismində Belarusda keçirilən tədbirdə iştirak etdi

 19:52 03.07.2024     314

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının mübariz oğullarının İkinci Dünya müharibəsi zamanı bir sıra ölkələrlə yanaşı, Belarusun da faşist işğalından azad edilməsində yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı 17 azərbaycanlı məhz Belarusun müdafiəsində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Cəlil Xəlilov qeyd edib ki, azərbaycanlılar Brest qalasının müdafiəsində, eləcə də Belarusdakı digər qala-istehkamların, yaşayış məntəqələrinin müdafiəsində böyük igidliklər göstərib, öz qəhrəmanlıqları ilə faşistləri dəhşətə gətirib. Bunlara nümunə olaraq general-mayor Həzi Aslanovun adını çəkən polkovnik, azərbaycanlıların göstərdiyi bu fədakarlığın heç zaman unudulmayacağını, əbədi olaraq ehtiramla xatırlanacağı bildirib.

Polkovnik Cəlil Xəlilovun çıxışı Belarus ictimaiyyəti arasında böyük marağa səbəb olub və məmnunluqla qarşılanıb.

Qeyd edək ki, polkovnik Cəlil Xəlilovun Belarusda yaşayan azərbayacnlılarla da görüşü nəzərdə tutulur.