Azərbaycan yeni beynəlxalq təşkilata qoşulur? - Komitə sədri AÇIQLADI

 19:10 05.07.2024     1190

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində BRİCS-ə daxil olmaq arzusunu ifadə edib. Həmçinin iyunun 3-də ŞƏT-in Astana sammitində  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.

Qeyd edək ki,  BRICS (Brazil, Russia, India, China, South Africa) beş sürətlə inkişaf edən ölkədən Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ibarət siyasi təşkilatdır.

Maraqlıdır, BRİKS-ə qoşulmaq Azərbaycana hansı dividentlər gətirəcək?

Movzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, Azərbaycanın BRİKS-ə qoşulmağının Orta Dəhliz və regional, Şimal-Cənub, Şərq, eləcə də Qərb layihələrində, bütövlükdə isə gələcəkdə Çinlə iqtisadi əlaqələrinə böyük töhfəsi olacaq.

Onun sözlərinə görə, Azərbaycan bununla geosiyasi qütbləşmədə mühüm strateji addım atır:

"Braziliyadan, Rusiyadan, Hindistandan başlayaraq, biz indiki halda Ermənistanla müəyyən sıx əlaqələri qurmaqdayıq. Bununla da bizim balanslı siyasətimiz yaranır. Yəni həm Avropa, həm də Asiya ilə əlaqələrimiz möhkəmlənir.

Beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü, dövlətlərin də qütbləşdiyi və ayr-ayrı formatlarda birləşdiyi bir zamanda ölkəmizi qorumaq, gələcək tərəfdaşlarımızı artırmaq, Azərbaycanı savaş meydanları deyil, daha çox dövlətlərin uzlaşma nöqtəsi olan, yəni həqiqətən də bir Şərq ölkəsinin Qərblə, Avropa ilə Asiya arasında bir etibarlı dialoq və əməkdaşlıq məkanı, körpüsü kimi xidmət edən addımlardı".

Deputat qeyd etdi ki, Azərbaycan-Çin əməkdaşlığı nəticəsində nəinki iqtisadi və siyasi, o cümlədən, elmi, təhsil, mədəni əlaqələr də güclənə bilər.

Z.Oruc həmçinin vurğuladı ki, Prezidentin “ŞƏT plyus” formatında çıxışı çox vacibdir, bu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dünyaya çatdırmaqdır. 

"Prezident Vətən müharibəsindəki qələbəmizi tanımaları, qəbul etmələri üçün beynəlxalq ədalətin bərpasını xüsusi vurğuladı. Bu, çox önəmli bir məsələdir. Çünki bir çox ölkənin müharibənin nəticələrini qəbul etməmək, onun təftişinə çalışmaq, əksinə, regionu ənənəvi köhnə durumuna qaytarmaq yönündə fəaliyyətləri var. 

Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında Türkiyə, Pakistan, Azərbaycanın üçlü formatda zirvə görüşü mühüm bir hadisədir ki, Azərbaycan çoxtərəfli formatlarda özünə qardaş ölkələrlə münasibətlərini daha da irəli daşımış oldu",- deyə deputat fikrini tamamladı.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.