Vəkillər Kollegiyasının sədri III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

 10:28 05.07.2024     267

İyulun 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti dəfə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüş zamanı ARVK-nın sədri İbrahim Məmmədzadəni karyera yüksəlişi - yeni vəzifəsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə görülən işlər, onun proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb, bu sahədə qazandığı yeni biliklər, idarəçilik səriştəsinin artırılması və növbəti planları barədə geniş fikir mübadiləsi aparılıb.   

Eyni zamanda görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.

Nəzərə çatdırılıb ki, İbrahim Məmmədzadə tərəfindən ARVK-nın fəaliyyət istiqaməti üzrə hazırlanan təkliflər arasından təlim-tədris sahəsi ilə bağlı artıq müzakirələr yekunlaşıb, müsbət qiymətləndirilib və Rəyasət Heyətinin növbəti iclas gündəliyinə daxil edilərək, Vəkillər Kollegiyası Akademiyasının iştirakı ilə birgə baxılacaqdır.

“Yüksəliş” müsabiqəsinin qalibi mentorluq proqramı çərçivəsində ARVK-nın sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha minnətdarlığını ifadə edib, bu istiqamətdə keçirilən görüşlərin faydasını vurğulayıb, aparılan fikir mübadiləsinin onun idarəçilik təcrübəsinin, habelə peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildirib.

Qeyd edilib ki, İbrahim Məmmədzadə həm görüş zamanı, həm də görüşdən öncəki dönəmdə öz çalışdığı qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və yeniliklər barəsində Kollegiyanın nümayəndələrini məlumatlandırıb.

Xatırladaq ki, İbrahim Məmmədzadə ARVK tərəfindən keçirilən konfranslara və digər layihələrə cəlb olunub, aktiv iştirakına şərait yaradılıb.