"Azəriqaz"-ın rəhbəri bu rayonların vətəndaşlarını dinlədi
Masallı rayonunda baş tutan vətəndaş qəbulunda Birliyin baş direktoru ilə yanaşı, Texniki istismar şöbəsinin rəisi və Lənkəran Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər.
Redaktor.az xəbər verir ki, görüşdə Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.
Qəbula təşrif buyuran sakinlərin istəkləri qeyd edilən rayonların qazlaşmayan bəzi kəndlərinin mavi yanacaqla təchiz edilməsi, işə qəbul, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.
"Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov qəbula üz tutan 40-dan çox vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.