Pezeşkian ilk xarici səfərini Azərbaycana EDƏCƏK?
İranda Azərbaycan əsilli namizəd Məsud Pezeşkian prezident seçilib. O seçicilərin 53 faizinin (16,384 milyon) səsini toplayıb. Hər zaman azərbaycanlı, türk kimliyindən bəhs edən Pezeşkianın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacağı gözlənilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Pezeşkianı dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.
Məsud Pezeşkian ilk xarici səfərini Azərbaycana edə bilərmi?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlı İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk xarici səfərinin Azərbaycana ola biləcəyini deyib:
"Adətən ən yaxın qonşulara səfər edilir. Eyni zamanda Pezeşkianın fəaliyyəti, İran parlamentindəki çıxışları, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyini dilə gətirməsi onun səmimi olduğunu göstərir. O, İranı hərbi çatışmadan qorumaq istəyir. Bu baxımdan onun Azərbaycana gəlişi iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər. Təbii ki, qonşu ölkədə Prezidentin səlahiyyətləri o qədər də böyük deyil. Yeni Prezident ali lider Xameneinin ümumi siyasətinə uyğun davranacaq. Yeni siyasət olmayacaq". (modern.az)