QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edildi
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib, iclasda QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib.
Bu barədə Redaktor.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Qazılar Şurasına 2 nəfər yeni qazı və QMİ-nin 5 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib.
Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
İclasda iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov çıxış edərək din xadimlərinə öz tövsiyələrini bildiriblər. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə rəsmiləri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə ediblər. Bildirilib ki, QMİ Qazılar Şurasının müraciətində əksini tapan tövsiyələrə dəqiq əməl olunmalıdır. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bütün məsələlərdə əməkdaşlığın davam etməsi xüsusi vurğulanıb.