Qeyri-sabit hava bölgələri turistsiz qoyub - Ekspert AÇIQLADI

 18:53 08.07.2024     370

Artıq yay fəslinin ortasındayıq. Bakıda və digər aran rayonlarda yandırıcı istilər hökm sürsə də, daha ço turistlərin dincəlmək üçün üz tutduğu bölgələrdə hələ də qeyri-sabit hava şəraiti hökm sürür. 

Meteoroloq Cavid Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda müşahidə olunan qeyri-sabit hava, lokal xarakterli leysan yağıntılar yaxın 2-3 gün ərzində respublikamızın, əsasən şimal və qərb bölgəsinin dağlıq və dağətəyi rayonlarında müşahidə ediləcək.

Bəs havaların bu cür keçməsi turizm sektoruna necə təsir edəcək?

Bu barədə Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev dedi ki, son günlər yağan intensiv yağışlar yollarda ciddi fəsadlar törədib:

"Hər il olduğu kimi, bu il də regionlara turist səfərləri davam edir. Xüsusilə şimal bölgələrinə - Şəki, Qax, Zaqatala, Balakənə və eyni zamanda işğaldan azad olunan Şuşa, Laçın, Suqaovuşan ərazilərinə də səfərlər təşkil edilir. Təəssüflər olsun ki, son günlər bölgələrdə intensiv yağan yağışlar, sel və daşqın həm yerli vətəndaşların, həm də əcnəbi turistlərin gediş-gəlişinə müəyyən qədər maneələr yaradıb.

Həmçinin müşahidə edilən sərin havalar regionlarda fəaliyyət göstərən otellərin iş prinsipinə mənfi təsir göstərib. Buna baxmayaraq, növbəti aylarda havaların isti keçəcəyi güman edilir. Bu da otellərin dəyən zərəri əvəzləməsinə kömək olacaq.

Bununla yanaşı, bir çox iri hotellər yağışlar səbəbindən turistin gələ bilməməsini nəzərə alaraq vaxtı dəyişmək və ya ləğv etmək barədə vətəndaşla qarşılıqlı razılaşmaya gəlirlər. Bu, həm də vətəndaşlarla turizm şirkətləri arasındakı inamı artırmağa kömək edir".

Sevinc İBRAHİMZADƏ