Metroda gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA

 10:39 09.07.2024     428

Son günlərin ən çox müzakirə olan mövzularından biri də ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Cəmiyyət avtobuslarda olan qiymət artımına səbəb kimi yanacağın bahalaşmasını qəbul etsə də, metroda olan qiymət artımını heç cür anlaya bilmir. Hər kəsi bir sual düşündürür: metro qatarları Aİ-92 markalı benzinlə, ya da dizellə işləyir?

Redaktor.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən Globalinfo.az-a “avtobuslarda gedişhaqqı artırıldı deyə, metro da eyni addıma getdi” yanaşmasının doğru olmadığı bildirilib:

“Ümumiyyətlə, ictimai nəqliyyatda bahalaşma zəruri hesab olunduğu üçün qiymət artımına gedilib. İlk baxışdan elə görünür ki, Aİ-92 markalı benzin və dizeldən istifadə olunmur. Amma “Bakı Metropoliteni”nin nəqliyyat və xüsusi texnikaları var ki, hamısı da benzin və ya dizellə çalışır. Gecə növbəsində işçilər tərəfindən səhərə qədər tunellərə mal-material avadanlıqlarının aparılması, qırıntıların tuneldən səhər saatlarında çıxarılması və işçilərin depo ərazisinə qaytarılmasının hamısı təsərrüfat qatarı ilə həyata keçirilir. Bu qatar da dizellə çalışdırılır. Bundan əlavə, maşinistlərin evə aparılıb-gətirilməsinin hər biri xüsusi avtobusla təmin olunur. Bunlar bir-bir nəzərə alındıqdan sonra gediş haqqı artırılıb”.