Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO

 10:53 12.07.2024     229

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Belə ki, Agentliyin əməkdaşları tərəfindən Şəmkir rayonu, Ağ Dağlar yolunun yaxınlığında fəaliyyət göstərən, fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan pozuntuların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükənin dərhal aradan qaldırılması mümkün olmadığına görə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surəti sahibkara təqdim edilib.