BMT-nin nümayəndələri İnstitutun qonağı oldu

 11:32 12.07.2024     289

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Cənubi Qafqaz üzrə Baş İnsan Hüquqları Müşaviri Vladimir Şkolnikov və Komissarlığın Cənubi Qafqaz ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov iyulun 10-da Hüquq və İnsan Haqları İnstitutunun qonağı olublar.

Redaktor.az xəbər verir ki, dəyirmi masa ətrafında keçən görüşdə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə həyata keçirilən birgə layihələr barədə məlumat verərək, insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığın mühüm nəticələrindən və gələcək perspektivlərdən danışıb.

Müşavir Vladimir Şkolnikov Komissarlıqla İnstitutun ikitərəfli əlaqələrini yüksək dəyərləndirib və əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən məmnunluqlarını ifadə edib. Bildirib ki, gələcək birgə layihələrdə insan hüquqlarının müdafiəsi istiqamətində səylərin artırılması prosesi daha da sürətlə davam edəcək.

Görüş zamanı OHCHR-in və İnstitutun əməkdaşlığı ilə yeni yaradılan “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin (https://lhri.az/az/virtual-map), İnsan Hüquqları üzrə E-Lüğətin (https://lhri.az/az/vocabulary) və “Hüquq jurnallarının vahid axtarış bazası”nın (https://lhri.az/az/journals) vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, görüşdə gələcək layihə planlarına dəstək məsələləri müzakirə edilib və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonda qonaqları maraqlandıran məsələlərə münasibət bildirilib.