Məcburi köçkünlərin zəbt etdiyi şəxsi mənzillər nə vaxt sahibinə qaytarılacaq? - Rəsmi AÇIQLAMA

 09:52 16.07.2024     861

Birinci Qarabağ müharibəsi nəticəsində bir milyona yaxın vətəndaşımız ölkənin müxtəlif ərazilərinə köç etməyə məcbur qaldı. Doğma torpaqlarından didərgin düşən insanlar müvəqqəti olaraq yataqxanalara, təhsil müəssisələrinin binalarına, yarımçıq tikililərə yerləşdirildilər. Bəzi ailələr isə əsasən Bakıda və Sumqayıtda daha əvvəl növbəyə durub hökumət tərəfindən ev almış vətəndaşların şəxsi mənzillərində məskunlaşdı. Məcburi köçkünlərin məskunlaşdığı xeyli sayda belə ev var.

Redaktor.az xəbər verir ki, sonradan dövlət tərəfindən mənzillər tikilərək məcburi köçkünlərin ixtiyarına verilsə də bu, şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərin hamısını əhatə etmədi. Ona görə də mənzillərin qanuni sahibləri ilə məcburi köçkünlər arasında məhkəmə çəkişmələri də yarandı.

Bəs vaxtilə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərin sayı nə qədərdir? 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bizim.media-ya bildirilib ki, bu say sorğu əsasında müəyyənləşdirilir:

"Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər, inzibati binalar və şəxsi mənzillərdə müvəqqəti məskunlaşmış ailələrin say tərkibi, Dövlət Komitəsinin məcburi köçkünlər arasında keçirdiyi sorğu və işğaldan azad edilən ərazilərə köçürülmə zamanı müəyyən edilir”.

Bildiyimiz kimi, 2020-ci ildə torpaqlar işğaldan azad edilib, məcburi köçkünlərin öz torpaqlarna qayıdışı başlayıb. Hazırda bu proses davam edir.

Bəs şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərdən öz doğma torpaqlarına qayıdanların sayı neçədir?

Qurumdan saytımıza həmin mənzillərdən işğaldan azad olunan torpaqlara köçürülənlərlə bağlı rəqəmlər təqdim edilməsə də, ümumi say haqqında məlumat verilib. 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən salınır. Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 1997 ailə, yəni - 7762 nəfər köçürülüb. Bu proses hazırda davam etdirilir.

Bəs həmin mənzillər öz sahiblərinə hansı mexanizmlə qaytarılacaq?

"Qaçqınkom”dan suala belə aydınlıq gətirilib:

"İşğaldan azad edilən ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə köçürülmə mərhələli şəkildə aparılır. İlkin mərhələdə müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərə qayıdış imkanı yaradılır. Doğma yurda dönən ailələrin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsi şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə həyata keçirilir”.

Mövzu ilə bağlı danışan vəkil Əsabəli Mustafayev deyib ki, qanunla məcburi köçkünlərin məskunlaşdıırlması işi dövlətin vəzifəsidir:

"Bu mənzillər əsasən tikintisi başa çatan, amma yaşayış olmayan evlər idi. Yəni mənzil sahibi girib ora yaşamağa imkan tapmamışdı. Binalar var ki, tam olaraq məcburi köçkünlər tərəfindən tutulub. Bunlar hamısı təqribən 1993-1994-cü illərdə baş verirdi. Hökumət də buna loyal yanaşdı. Bəlkə ona görə ki, gələn insanları yerləşdirmək üçün resurslar yox idi. Bir hissəsi yataqxanalarda, boş qalmış bağçalarda, fəaliyyətini dayandırmış texniki peşə məktəblərində yerləşdirdilər. 

Qanun deyir ki, məcburi köçkünlərin yerləşdirilməsi hökumətin vəzifəsidir, bundan ötrü hökumət tədbir görməli idi”.

Hüquqşünas bildirib ki, qeyri-rəsmi məlumata görə ölkədə bu cür mənzillərin sayı 5 minə yaxındır:

"Bu, ciddi saydır. Mülkiyyətçilərin hüquqları pozulub, yəni 20-30 il zavodlarda işləyib, növbədə gözləyib, ev alıblar, amma istifadə edə bilmirlər. Ya yataqxanada, ya da kirayədə qalırlar. Kimlərinki evləri zəbt olunub, onlar məhkəmələrə müraciət edirdilər. Məhkəmələr həmin mənzillərin boşaldılması haqqında qərar çıxarırdı. İlk dövrlərdə məhkəmə qərarının icrasının torpaqlar işğaldan azad olunana qədər təxirə salınması qeyd olunurdu. Sonra Avropa Məhkəməsinin qərarı çıxdı ki, belə bir təxirəsalınma qanunsuzdur”.

Vəkil işğaldan azad olunmuş ərazilərə ilk növbədə belə mənzillərdə yaşayan keçmiş məcburi köçkünlərin göndərilməsini təklif edib: 

"İndi azad olunmuş ərazilərə köç başlayıb, çox az sayda şəxsləri həmin mənzillərdən köçürməyə başladılar. Bəzi ərizəçilərimiz var ki, onlar hazırda həmin mənzillərin çox pis halda və əsaslı təmirə ehtiyac olduğunu deyirlər. Hökumət burada da onlara dəstək olmalıdır. Mülkiyyətçilərə hansısa bir kompensasiya ödənilməlidir. Çünki bu insanlar öz istəkləri ilə öz mənzillərində yaşamaq hüququndan məhrum olunmayıblar, illərdi məhkəmə qərarı var, hökumət də məcburi köçkünlərə loyal yanaşıb. Ona görə də onlara mütləq kompensasiya ödənilməlidir”.