Murad Adıgözəlzadənin köməkçisi rüşvətə görə SAXLANILDI
Bir neçə gün əvvəl korrupsiya əməliyyatı ilə həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki həbs qərarından narazı qalıb.
Redaktor.az xəbər verir ki, Rəşad Məmmədov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, şikayət ərizəsində həbs qərarının ləğv edilərək sərbəst buraxılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işi üzrə istintaq hərəkətlərinin yeni başlamasını və hərtərəfli araşdırmanın gedişinə maneə yaradılmaması əsası ilə şikayəti rədd edib.
Təqsirləndirilən şəxsin həbsi ilə bağlı rəsmi açıqlama yayılsa da, onun konkret hansı vəzifədə çalışması və nə qədər rüşvət alınması barədə məlumat verilməmişdi.
Əldə etdiyimiz digər məlumata görə, xor artisti olan Rəşad Məmmədov eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin köməkçisi olub. İlkin istintaqla R.Məmmədovun 70 min manata yaxın rüşvət almasına şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə ittiham elan edilib. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə direktor köməkçisinin həbsinə qərar verib.
Məlumat üçün bildirək ki, Azərbaycanın “Avroviziya-2009“ təmsilçisi Aysel Teymurzadə ilə evli olan Murad Adıgözəlzadə son günlər şəxsi həyatı ilə də gündəmə gəlib. Yayılan iddialarda onun işçisi olan xanımla səmimi münasibətinin yarandığı, hətta Adıgözəlzadənin onunla evlənəcəyi bildirilib. Filarmoniyanın direktoru bu haqda danışmasa da, məsələdə adı hallanan qadın iddiaları təkzib edib. Məlumatların mədəniyyət ocağının imicinə zərər yetirməsinə baxmayaraq, xəbərlər haqda rəsmi reaksiya da verilməyib. (qafqazinfo.az)