Prezident “Respublika Qan Bankı”nın yaradılması barədə fərman İMZALADI
Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb.
Redaktor.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.
Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.
Nazirlər Kabineti Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.
Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirəcəklər.