Azərbaycan mediasının məlumat bazası yaradılır - FOTO

 15:27 16.07.2024     61

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk toplantı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbəri olduğu qurumun təşəbbüsünə həssas yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü ifadə edib.

MŞ sədri bildirib ki, Azərbaycan media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası Şuranın 2022-ci ildən nəzərdə tutduğu iş planının mühüm tərkib hissəsidir. O, belə bir bazanın vacibliyini ona duyulan ehtiyac baxımından əsaslandıraraq vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət mərhələli və davamlıdır. Çünki ölkəmizin media mühiti daim inkişafda, yeni seqmentlər qazanmaqdadır. “Mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Bu zənginlik isə ortaya institsional baxış qoyulmasını ehtiyaca çevirir. Elə bir baxış ki, ona yalnız Azərbaycanda deyil, dünyada da müraciət edilsin. Bu, informasiya cəbhəsində mübarizəmiz baxımından da önəmli faktordur”, - deyən R.Məcid layihənin qarşısına qoyduğu vəzifələrin reallaşacağına əminliyini vurğulayıb. O, eyni zamanda, layihənin icrasına göstərdiyi təşkilati dəstəyə görə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli icra olunan layihənin əhəmiyyətini vurğulayıb. O, bu fəaliyyətin media məkanındakı pərakəndəliyin aradan qalxmasına əhəmiyətli töhfə verəcəyinə, həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə bağlı ciddi təəssürat formalaşdıracağına əminliyini dilə gətirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov da Mətbuat Şurası tərəfindən qaldırılan təşəbbüsün faydalı cəhətlərindən söz açıb. O, təmsil olunduğu qurumun bunu nəzərə alaraq, müvafiq dəyərləndirilmələr apardığını və layihənin icrası üçün vəsait ayırdığını diqqətə çatdırıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb. Ə.Rüstəmov bu kateqoriyada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarının yer aldığını diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli bildirib ki, ölkəmizin media mühitini təsvir edən bütün informasiyaların vahid mənbədə toplanılması bu mühit barədə detallı və obyektiv bilgi əldə etmək istəyənlərin bir mənbəyə köklənmələrinə şərait yaradacaq. Ən böyük hədəf də elə budur.

Ekspert həmçinin layihə üzrə fəaliyyət proqramına uyğun olaraq Mətbuat Şurasının “Presscouncil.az” internet səhifəsində yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında ölkəmizdə informasiya dövriyyəsini tənzimləyən bütün qanunların, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətninin, fəaliyyətdə olan media subyektlərinin adlarının və keçid linklərinin yerləşdirildiyini diqqətə çatdırıb. O bildirib ki, layihə çərçivəsində görüləcək işlər nəticəsində məlumat bazası daha da zənginləşəcək. Orada, eyni zamanda, media məkanında gender balansının durumu barədə statistik göstəricilər və sair bu kimi  məlumatlar toplanacaq. Bundan başqa sözügedən kateqoriyanın Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyəti təmin ediləcək.

MŞ İdarə Heyətinin üzvü Qulu Məhərrəmli və digər çıxış edənlər “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin əhəmiyyətindən söz açaraq götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər. Toplantıda həmçinin, iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.

22222222222222222