Erkən nikahların qarşısı belə alınacaq - RƏSMİ AÇIQLAMA

 17:39 17.07.2024     936

"Erkən nikah halları Azərbaycanda mentalitet, dini yanaşma və digər müxtəlif səbəblərdən irəli gələrək, bəzən isə valideyn məsuliyyətsizliyinin nəticəsi olaraq baş verir. Əksər hallarda valideynlərin ailədə gender əsaslı ayrı-seçkiliyi, qız uşaqlarının hüquqlarını məhdudlaşdırması, yaxud valideynin özünü məsuliyyətdən azad etmək arzusu bu cür vəziyyətə gətirib çıxarır. Bəzi hallarda isə yetkinlik yaşına çatmayan uşaq öz iradəsi ilə evdən qaçır, özü qərar verərək erkən münasibətlərə başlayırlar".

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Redaktor.az-a açıqlamasında bildirdi.

Komitə rəsmisinin sözlərinə görə, son illərdə erkən nikahların qarşısını almaqdan ötrü həm qanunvericilik, həm dövlət orqanlarının məsələyə həssaslığını artırılması, həm də əhalinin maarifləndirilməsi istiqamətində mərkəzi və yerli səviyyədə təlimatlandırılmalar aparılıb:

"Dövlət Komitəsi olaraq qanunvericilik səviyyəsində belə məsələlərə daha operativ reaksiya verilməsi üçün bütün tədbirləri görürük. Məsələnin həssaslığından irəli gələrək Cinayət Məcəlləsinə qadını nikaha məcburetmə ilə bağlı xüsusi maddə əlavə edilib. Həmin maddə əsasında məsələyə lazımi hüquqi qiymət verildikdən sonra məsuliyyət müəyyən olunur". 

T.İbrahimova qeyd etdi ki, 2025-ci il iyulun 1-dən Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Aİlə Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minəcək. Bu qanun erkən nikah halları ilə bağlı daha konkret maddə və normaları ehtiva edir:

"Belə ki, Cinayət Məcəlləsinə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlərlə bağlı məsuliyyət növü, İnzibati Xətalar Məcəlləsinə 16 yaşa çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxilolma məsələləri aiddir. Əvvəllər nişan mərasimləri keçirilirdi və biz heç bir tədbir görə bilmirdik, sadəcə olaraq söhbətlər aparmaqla valideynləri bu əməllərdən yayındıra bilirdik. İnzibati Xətalar Məcəlləsinə artıq ictimai-iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə şəraitin yaradılması, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində dini kəbin kəsməklə bağlı məsuliyyətlər əlavə edilib. Bundan əlavə, istisna hallarda nikah yaşının 17 olması məsələsi Aİlə Məcəlləsindən çıxarıldı və birmənalı şəkildə nikah yaşı 18 yaş olaraq qəbul edildi".

Şöbə müdiri əlavə etdi ki, gənclər arasında da hər il maarifləndirmə işləri aparılır. Beynəlxalq təşkilatlar tərəfindən bu cür məsələlərlə bağlı sorğular keçirilir. Eyni zamanda komitənin 11 rayonda uşaq və ailələrə dəstək mərkəzləri var və onların da köməkliyi ilə bir sıra erkən nikah hallarının qarşısı alınıb.

Sevinc İBRAHİMZADƏ