Köhnə binaların qiymətləri - UCUZLAŞMA GÖZLƏNİLİR?
Hazırda Bakının müxtəlif ərazilərində köhnə binalardakı mənzillərin qiyməti kifayət qədər bahadır. Bu evlərə ipoteka şərtlərinin keçərli olmaması vətəndaşları bir az da sıxır. Bəs yaxın vaxtlarda köhnə binaların qiymətləri ucuzlaşa bilərmi?
Əmlakçı Mülkədar Rüstəmov Redaktor.az-a açıqlamasında köhnə binaların hazırki qiymətlərindən danışdı:
"Köhnə binalar, adətən "Leninqrad", "Daşkənd", "Kiyev", "Stalinka", "Minsk" proyektli binalar hesab olunur. Müxtəlif ərazilərdə 9 mərtəbəli binalardakı bir otaqlı mənzillər 90 mindən başlayır və 105-110 min manata qədər dəyişir. İki otaqlı mənzillər 135-155 min manat civarındadır. Doqquz mərtəbəli binalarda üç otaqlı mənzillər isə 160 mindən başlayır və 185 min arası, hətta bəzi ərazilərdə 190 min AZN-ə qədər artır. Dörd otaqlılar isə 190 mindən 240 min manatadək qalxır".
Əmlakçı dedi ki, ili 1980-ci ildən yuxarı olan binalar ipotekaya yararlı olduğu üçün onlara hər zaman tələbat var:
"Amma 1970-ci ildən əvvəl tikilən 5 mərtəbələr, "xruşovka"lar, "minsk", "fransız" üsulu olanlar ipotekaya yaramır. Bu mənzilləri alanlar isə sanki yatırım edirlər. Çünki bu binalar istismar müddətini başa vurub və söküntü üçün pilot layihələrə uyğun olduqlarına və plana düşəcəklərinə görə bir çox vətəndaş bura yatırım etməyə maraqlıdır".
Mülkədar Rüstəmovun sözlərinə görə, qiymətlərin düşmə ehtimalı gözlənilmir:
"Hazırda ipoteka bazarda olduqca aktivdir. Nə qədər ki, İpoteka Fondu vəsait ayıracaq, ipoteka şərtlərinə uyğun müştərilər bazarda olacaq, qiymətlərin düşmə ehtimalı çox aşağıdır. Çünki ipoteka bazarı tənzimləyir və alış-satışların çoxu bu şəraitdə ilə həyata keçirilir".
Sevinc İBRAHİMZADƏ