Bu halda dövlət qulluqçusunun işdən çıxarılması tamamilə qanunsuzdur - AÇIQLAMA

 16:05 18.07.2024     1421

Ölkəmizdə dövlət qulluğuna hazırlaşanların sayı çoxalıb. Hər iki aydan bir keçirilən imtahanlarda xeyli şəxs iştirak edir və keçid balını toplayanlar dövlət qulluqçusu statusunu qazanırlar. Həmçinin bu sahə üzrə keçirilən imtahanların şəffaflığını artırmaq istiqamətində perspektivli addımlar atılır.
Lakin bəzi hallarda müvafiq dövlət orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları işdən çıxarılır. Bir çoxları isə bunu rəhbər vəzifələrin dəyişməsi ilə əlaqələndirirlər. Yəni yeni təyin olunan icra başçısı və ya digər dövlət qurumunun rəhbəri işçiləri heç bir əsas olmadan şəxsi işdən çıxarır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Dövlət qulluğu haqqında" qanunun 33-cü maddəsində göstərilən əsaslar olduğu halda inzibati vəzifə tutan dövlət qulluqçusu işdən azad edilə bilər:

"Bu hal dövlət qulluqçusunun öz aruzusu ilə həyata keçirilə bilər, dövlət orqanı ləğv edilərkən işçilər ixtisara düşə bilər, dövlət qulluqçularının ştatları ixtisar edildikdə və ya qanunvericiliyin tələblərinə riayət etmədikdə, yəni əmək funksiyalarını yerinə yetirmədikdə, yaxud korrupsiya hüquqpozmalarına yol verdikdə, bir sözlə, dövlət qulluqçularının etik qaydalarını pozduqda dövlət qulluqçusunun işdən çıxarılması mümkün olur. Həmçinin əgər şəxs vətəndaşlığını dəyişər və başqa ölkənin vətəndaşlığını qəbul edərsə, həm dövlət qulluğuna, həm də ixtisas dərəcəsinə xitab verilir. Lakin rəhbərlik dəyişildiyi üçün dövlət qulluqçusunun işdən çıxarılması tamamilə qanunsuzdur".

Ekspert həmçinin əsaslı səbəblərdən dolayı işdən çıxarılan dövlət qulluqçusunun gələcəkdə iş tapması barədə də danışdı:

"Əsaslı səbəblər olduqda, yəni dövlət orqanının ləğv olunmasından sonra işsiz qalan dövlət qulluqçusu məşğulluq orqanlarında uçotda dura və yeni iş axtara bilər. Müvafiq işlə təmin olunmasa, dövlət tərəfindən sosial müavinət, sığorta ödənişi ala bilər. Ancaq dövlət onu birbaşa işlə təmin etmir". 

Sevinc İBRAHİMZADƏ