"Köhnə avtomobillərdən yaxa qurtarmaq üçün belə bir addım atılıb" - Ekspertdən maraqlı AÇIQLAMA

 08:22 19.07.2024     622

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 779 milyon ABŞ dolları dəyərində 42 335 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,5 % çox və 12,5 % azdır.

Bəs bu, daxili bazara necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, o, idxalın azalmasının səbəbini 10 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qadağan olmasında görür. Onun sözlərinə görə, köhnə avtomobillərdən yaxa qurtarmaq üçün belə bir addım atılıb:

Ekspert idxal vaxtı həcmi kiçik olan avtomobillərə üstünlük verildiyini dedi:

"Yeni olan avtomobillərin qiyməti baha olur. O baxımdan əsasən mühərrikin həcmi kiçik olan nəqliyyat vasitələri ölkəmizə daha çox gətirilir və burada sözsüz ki, bu taksi xidmətinə daha çox üstünlük təşkil edir. Son dövrlər isə elektrik mühərrikli avtomobillərə böyük maraq var və hibrid ektromobil tipli nəqliyyat vasitələrinə dövlət tərəfindən güzəştlər tətbiq edildikdən sonra bu sahədə çox böyük artım müşahidə edilir".

E.Muradlı bazarda idxalın azalmasının yerli istehsalı inkişaf etdirəcəyini vurğuladı.

"Ümumi vəziyyət bir balaca durğunluq kimi qiymətləndirilə bilər. Bu, zamanla həll ediləcək. Çünki Azərbaycanda daxili istehsal da artıq başlayır. Tezliklə avtomobil sektorunda canlanma müşahidə ediləcək. Azərbaycan yerli istehsalı artdıqca bu sahədə də biz ciddi dəyişikliklərin şahidi ola biləcəyik. Hazırkı şərait isə o dərəcədə dəhşətli xarakterizə oluna bilməz", - deyən ekspert qeyd etdi ki, köhnə avtomobillər qəza riski yaradır, beləliklə qəzalarda ağırlıq dərəcəsi artır:

"Yeni avtomobillərin idxalı bu baxımdan faydalı olacaq".

Türkan İSGƏNDƏRLİ