"Uduzan yalnızca internet istifadəçiləridir" - Ekspertdən yeni qiymətlərə ETİRAZ

 09:14 19.07.2024     749

Xəbər verdiyimiz kimi, Azərbaycanda internetin həm sürətində, həm də qiymətində dəyişiklik olacaq. Belə ki, “Aztelekom” və “Baktelekom” şirkətləri tarif paketlərində sürəti artıracaq, qiyməti isə bahalaşdıracaq.

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda müşahidə olunan internet qiymətləri ilə bağlı müvafiq dövlət orqanları tərəfindən müdaxilə olmadıqca ucuzlaşma müşahidə edilməyəcək:

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

"Düşünürəm ki, bazarda "pərdəarxası" sövdələşmələr baş verib və qiymətlər indiki formada olması razılaşdırılıb. Bu həm mobil xidmətlər göstərən internet operatorlarına aiddir, həm də kabel televiziyası operatorlarına aiddir. Ümumi müşahidə və müqayisələr etsək, görərik ki, kabel televiziya xidməti göstərən operatorların təqdim etdiyi internet xidmətləri biri-birinin eynisidir. Bu qiymətlər uzun illərdir ki, başabaş gəlir, yəni biri digəri ilə razılaşdırılmamış qiymət dəyişikliyi etmir. Bu, bazarda sağlam rəqabət mühitini pozur və oliqopoliya yaradır. Belə mənzərə isə istehlakçıların zərərinədir. Mobil internet xidməti göstərən operatorların da qiymətinə nəzər saldıqda eyni mənzərəni müşahidə edirik. Bir operatordan digərinə keçməyin ümumilikdə müştəriyə heç bir faydası olmur, demək olar ki, bütün tariflər eynidir". 

Ekspert dedi ki, müvafiq orqanlar bu məsələ ilə bağlı mütləq şəkildə monitorinq işlərini gücləndirməlidirlər.

"Biz tez-tez görürük ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi keçirilən monitorinqlərlə bu cür halların baş verməsi aşkarlanır. Ancaq faktiki odur ki, bu hallar ya aşkarlanmır, ya da görməzlikdən gəlinir. Uduzan isə birmənalı şəkildə internet istifadəçiləridir. Qiymət artımı məsələsinə gəldikdə isə özəl provayderlər interneti birinci əl provayderlərdən alırlar ki, bunlar da dövlət təşkilatlarıdır. Eyni zamanda həmin provayderlərin özləri də bazarda operator kimi çıxış edirlər, yəni son istifadəçiyə xidmətlər göstərirlər. Bu halda artıq bazarda olan mövqeyindən istifadə edərək, qiymətləri özəl şirkətlər üçün münasib təqdim etmirlər. Özəl şirkətlər isə bu zaman müştəriyə dövlət provayderindən aşağı olan qiyməti təklif edə bilmirlər, yaxud çox cüzi fərqlə təklif edirlər. Fikrimcə, bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılmalıdır və bazarda dövlət internet provayderlərinin qiymət siyasətinə dair təkliflər verilməlidir. Dövlət operatorları açıqlamalarında qiymətlərin çox olmasını şəbəkənin modemləşməsi, infrastrukturun yenilənməsi və yatırılan investisiyaların miqdarının çox olması ilə əsaslandırırlar, ancaq, mənim fikrimcə, bu, kifayət qədər obyektiv yanaşma deyil", - deyə Fərhad Mirəliyev bildirdi.

Mütəxəssis qeyd etdi ki, son dövrlər mobil operatorların tarifində ciddi dəyişikliklər oldu, bəziləri tamamilə ləğv edildi, bəzilərində qiymət artımı edildi:

"Məncə, ümumi inflyasiya fonunda tariflərin qiymətləri yenidən indeksasiya edildi. Gələcəkdə də ölkə üzrə ümumi qiymət artımı olarsa, yəni icazə veriləndən daha yüksək məbləğ təyin olunarsa, yenidən indeksasiya prosesi gedəcək və tariflərin qiymətində yüksəlməni müşahidə edəcəyik. Ancaq yaxın perspektivdə bu məsələni nəzarətdə saxlayan müvafiq qurumlar tövsiyə və tapşırıqlar icra etməsə, qiymətlər bu tendensiyada davam edəcək".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2