"Baş verən 10 yanğından 9-u insan amili ilə bağlıdır" - FHN rəsmisi

 14:32 19.07.2024     2488

Temperaturun yüksək olması, insanların təbiətə üz tutması və ehtiyatsız davranması yanğınların çıxmasına səbəb olur. Bu da həm təbiətə ziyan vurur, həm də dövlətin büdcəsinə.

Mövzu ilə bağlı Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsinin baş məsləhətçisi Azər Sarıyev açıqlama verdi. Onun sözlərinə görə, yanğından qorunmaq üçün mütəmadi işlər aparılsa da yanğın hadisələri yenə baş verir.

"Hər il ot və taxıl sahələrində, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, Aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar keçirilir, kütləvi informasiya vasitələrində, obyektlərdə mütamadi olaraq yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işləri aparılır, televiziya kanallarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı video-çarxlar nümayiş etdirilir, yanğın təhlükəsizliyi mövzusunda tərəfimizdən kitabçalar, posterlər, bukletlər hazırlanıb əhaliyə paylanır. Ancaq bütün bunlara baxmayaraq, yenə də taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verir".

FHN rəsmisi yanğınların çıxma səbəblərini açıqladı:

"Baş verən 10 yanğından 9-u insan amili ilə bağlıdır və yanğınlar əsasən odla ehtiyatsız davranma, insanların yanğın təhlükəsizliyi qaydalarını pozması, ehtiyatsızlıq, qaydalara biganəlik səbəbindən baş verir. Araşdırma zamanı yanğınların söndürülməmiş siqaret kötüyünün yerə atılmasından, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, ocaqdan düşən qığılcımdan, biçilmiş sahələrin yandırılması, meşələrdə ocaq qalanması səbəbləri ilə baş verir".          

A.Sarıyev qeyd etdi ki, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğına qarşı vəziyyətin daim nəzarət altında saxlanılması sahəsində zəruri tədbirlər davam etdirilir.

Türkan İSGƏNDƏRLİ