Bu ərazidə radara düşmüş şəxs bir daha düşmək İSTƏMƏYƏCƏK - SƏBƏB

 15:02 19.07.2024     4394

Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb. Köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə nişanı qeyd olunacaq. 

Bəs görəsən bu yeniliyin üstünlükləri nələrdir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat məsələləri üzrə eskpert Aslan Əsədov bu radarların ictimai qınaq rolunu oynayacağını dedi:

"Yeni radarların qoşulması çox təqdirəlayiq bir addımdır. Əslində bu radarların mahiyyəti, iş prinsipi ondan ibarətdir ki, bu, bir növ ictimai qınaq radarları olacaq. Yəni hər kəs sürət həddini görməklə bərabər, öz avtomobilinin nömrəsini də görəcək. Çünki bu yolda sürət həddini nizamlayan şüuraltı bir vasitə olacaq".

Ekspert bildirdi ki, radarlar yolda təhlükəsizliyi təmin edəcək.

"Yeni radarın spesifikliyi odur ki, həmin ərazidə artıq radara düşmüş şəxs bir daha düşmək istəməyəcək. Ən azından sürət həddini gözləyəcək və aşağı sürətlə hərəkət edəcək. Bunu inzibati tənbeh kimi də başa düşə bilərik. Bu, təhlükəsiz yol şəraitinə gətirib çıxaracaqdır", - deyə A.Əsədov qeyd etdi.

Radarların şəhər daxilində nə vaxt quraşdırılacağı ilə bağlı hələ ki, məlumat yoxdur.

Türkan İSGƏNDƏRLİ