II Qlobal Media Forumu YEKUNLAŞIR
Bu gün Şuşada iyulun 20-də start verilən II Qlobal Media Forumuna yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, bu gün "Haber Global" təmsilçisi, televiziya aparıcısı Saynur Tezelin moderatorluğu ilə "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələri keçiriləcək.
Daha sonra forumun dördüncü, sonuncu panelində iştirakçılar "Riqa TV24" və "Radio Latviya"nın aparıcısı və prodüsseri Ansis Bogustovsun moderatorluğu ilə "İqlim hərəkatı və media" mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.
Bundan başqa, Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat edəcək.
Bununla yanaşı, Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.