Dövlət zərər məbləğinin yalnız 20 faizini qarşılaya bilər - Vəkildən AÇIQLAMA

 17:35 22.07.2024     753

Son zamanlarda iqlim dəyişikliyinin fəsadları Azərbaycandan da yan keçmir. Tez-tez edilən sel və daşqın, güclü külək kimi xəbərdarlıqlar bölgələrdə yaşayan xeyli sakinin daşınmaz əmlakına ziyan vurub. Bu cür təbii fəlakətlər sakinləri iqtisadi cəhətdən də sıxıntılı vəziyyətə salır. Bəs belə hallarla üzləşən vətəndaşa dövlət tərəfindən hər hansısa yardımın edilməsi nə zaman mümkündür?

Mövzu ilə əlaqədar vəkil Turan Abdullazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbii fəlakətlər kimi risklərdən sığorta qaydalarına əsasən sığortalanır:

Vəkil Turan Abdullazadə ilə müsahibə

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 209.1-ci maddəsinə əsasən, təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya). Əmlakı rekvizisiya edilmiş şəxs rekvizisiya üçün əsas götürülmüş halların təsiri qurtardıqda, əmlakından qalanın qaytarılmasını məhkəmə yolu ilə tələb edə bilər". 

O qeyd etdi ki, baş verən partlayışlar, daşqınlar, təbii fəlakətlər zamanı mənzilin sahibinin icbari və ya könüllü əmlak sığortasının olması mütləqdir:

"Zərərçəkmiş tərəflər öz mənzillərini könüllü sığorta etmiş olsaydılar, o zaman daşınan əmlaklara görə dəymiş ziyanı da sığorta şirkəti qarşılayardı. Lakin İcbari Sığorta haqqında qanunun 41.2-ci maddəsinə əsasən, şəxs mülkiyyətində və (və ya) sahibliyində olan bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlakını sığorta etdirmək vəzifəsini yerinə yetirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət vəsaiti hesabına kompensasiya verilməsi barədə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qərar verilərsə, ödənilə biləcək belə kompensasiyanın məbləği zərər məbləğinin 20%-dən artıq olmamalıdır. Yəni bu o deməkdir ki, vətəndaş əmlakını icbari sığorta etdirmədiyi halda belə dövlət zərər məbləğinin 20 faizini qarşılaya və kompensasiya verə bilər".

Turan Abdullazadə vətəndaşlara məsləhət etdi ki, bu cür arzuolunmaz hallarla qarşılaşmaq istəmirlərsə, əmlaklarını icbari və ya könüllü sığorta etdirsinlər.

Sevinc İBRAHİMZADƏ