"İnformasiya texnologiyalarının sürətli inkişafı mediamızdan sürətli dəyişikliklər tələb edir" - Rəşad Məcid

 17:27 22.07.2024     333

"Bu gün Şuşada keçirilən II Qlobal Media Forumunun son günüdür. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev mətbuatın suallarına cavab verib, bir çox məqamlara toxunub. Belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri Redaktor.az-a Mətbuat Şurasının sədri Rəşad Məcid forumu şərh edərkən dedi. Onun sözlərinə görə, media forumlarının keçirilməsi, Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayacaq:

"İkinci Qlobal Media Forumunun keçirilməsi Azərbaycan mətbuatı, eləcə də ictimai həyatında mühüm hadisələrdən biridir. Artıq iki ildir ki, dünyanın tanınmış media mütəxəssisləri, jurnalistləri Şuşaya toplaşırlar və cənab Prezident bu il də suallara üç saatdan artıq bir müddətə ətraflı cavab verdi. Dezinformasiyaya qarşı mübarizə, yalan məlumatların ifşası, demək olar ki, bütün çıxışlarda öz əksini tapan məqamlardan biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı mediamızdan sürətli dəyişikliklər tələb edir. Azərbaycan mediası da bu sürətli inkişafla ayaqlaşmalıdır və Şuşa Qlobal Media Forumu kimi tədbirlərin keçirilməsi mediamızın peşəkarlığının artırılmasında, çevikliyində müstəsna rol oynayacaq."

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Türkan İSGƏNDƏRLİ