İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1"lə bağlı komissiya yaratdı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1" yarışlarına hazırlıq məqsədilə xüsusi komissiya yaradaraq fəaliyyət planı hazırlayıb.
Bu barədə Redaktor.az-a Xidmətdən bildirilib.
Məlumata görə, 13-15 sentyabrda Bakıda keçirələcək yarışlar zamanı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qarşısındakı öhdəliklərin icrası, planlamalar, mövcud vəziyyətin qiymətləndirilməsi, görüləsi işlərlə bağlı fəaliyyət planının hazırlanması məqsədilə yaradılan komissiyanın və işçi qrupunun iclası keçirilib.
Xidmətin müavinləri – komissiya sədri Tahir Xəlilov, sədr müavini İlqar Tağıyev, komissiyanın və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilən iclasda fəaliyyət planında əksini tapmalı olan nüanslar üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb, tapşırıqlar verilib.