"Biz insanlar təbiətə lazım deyilik, amma təbiət bizə lazımdır" - Ekoloq
Quru ərazisinin üçdə birini əhatə edən və qurudakı canlıların yarıdan çoxuna ev sahibliyi edən meşələr dünyanın ən qiymətli ekosistemlərindən biri hesab olunur. Ancaq əhalinin artımı, tikinti və mədən layihələri səbəbindən hər il dünyada hektarlarla meşələr məhv edilir.
Ekoloq Sevil Yüzbaşova Redaktor.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşdü:
"Gərək nə qədər cahil olasan ki, öz nəfəsini kəsəsən. Savadı olan, ağıllı insanların hamısı bilir ki, biz insanlar təbiətə lazım deyilik, amma təbiət bizə lazımdır. Biz hər cür ondan, təbii resurslardan istifadə edirik. Biosferin ən vacib hissələrindən biri meşə və digər bitki aləmidir. Bitki aləmi olmadan Yer kürəsində yaşayış olması sadəcə qeyri mümkündür.
İndi artıq hər kəs anlayıb ki, iqlim dətişikliyi gedir. Ancaq insanlar hələ də anlamayıblar ki, buna səbəb özləridir. Anlamaqda çətinlik çəkdikləri digər problem isə bununla mübarizədə hər kəs iştirak etməli və öz töhvəsini verməlidir. Bu mübarizədə isə mövcud meşələrin mühafizəsi və yeni əkinlərlə çoxaldılması ən mühüm mübarizə metodudur".
Ekoloqun sözlərinə görə, meşə qırğınları, iqlim dəyişikliklərinin sürətlənməsinə və içməli su qıtlığının da yaranmasına gətirib çıxarıb:
"Meşələrin məhv olma tempi, ondan istifadə edilməsi üzərində ciddi nəzarət olmasını tələb edir. Ətraf mühit mühafizəçiləri dünya meşələrinin qırılması barədə uzun müddətdir ki, həyəcan təbili çalırlar. Onlar bu işdə böyük rol oynamış, ictimaiyyətin təzyiqini meşələrin müdafiəsinə yönəltmişlər. Avropanın inkişaf etmiş bir sıra ölkələri bu problemin, demək olar ki, həllinə nail olublar".
Sevil Yüzbaşova qeyd etdi ki, iqlim bitki örtüyünü özü formalaşdırır:
"Bir ərazinin iqlimini müəyyən etmək üçün alimlər 30 il müşahidə aparır və sonra hansı iqlimin o ərazidə mövcud olduğunu söyləyirlər. Belə təbiətə müdaxilə onun təbii inkişafına, özünübərpa etməsinə imkan vermir və onda da aləm dəyişir. Meşə qırğınları iqlim dəyişikliklərinin sürətlənməsinə, həmçinin içməli su qıtlığının da yaranmasına gətirib çıxarıb. Meşələrin məhv olma tempi ondan istifadə edilməsi üzərində ciddi nəzarət olmasını tələb edir".
Sevinc İBRAHİMZADƏ