“Kişi kimi deyirəm, mənim elə nömrəli maşınım yoxdur”

 12:37 24.07.2024     291

Xəbər verdiyimiz kimi, 6 nömrəli məktəb-liseyin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin nəqliyyat vasitələrinin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb. Onlar arasında VI çağırış parlamentinin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var. Qeyd olunur ki, bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.

Redaktor.az xəbər verir ki, Cavanşir Paşazadə Bakupost-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.

“Sizin 6 nömrəli məktəbdə təhsil alan qohumunuz varmı?” sualına deputat “Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur” cavabını verib.

Qeyd edək ki, yayılmış videogörüntülərlə bağlı DYPİ məlumat yayıb.

Bildirilib ki, Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunaraq müvəqqəti mühafizə olunan duracağa təmin olunub.