Azərbaycanda bu şəxslərə ayda 1380 manat təqaüd VERİLƏCƏK

 16:20 24.07.2024     546

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” qanunda edilən dəyişikliyi təsdiqləyib.

Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.

Dövlət başçısının Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında fərmanı ilə Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib. Təqaüd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.