Bakıda binalar hansı su ilə yuyulur? - Rəsmi AÇIQLAMA

 12:01 25.07.2024     513

Son günlər Bakıda bir sıra binaların fasad hissəsinin yuyulması zamanı hansı növ sudan istifadə edilməsi ilə bağlı ictimaiyyət arasında müzakirələr aparılır. Sosial şəbəkələrdə qeyd olunur ki, içməli su qıtlığı barədə danışılarkən binaların yuyulmasında belə suyun istifadəsi yolverilməzdir.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Redaktor.az-a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində binaların abadlaşdırılma məqsədi ilə yuyulması yüksək keyfiyyətli aparat vasitəsi ilə həyata keçirilir və bu aparatın su sərfiyyatı çox aşağıdır:

“Binaların yuyulma prosesi Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcud olan cihaz vasitəsilə həyata keçirilir. Cihaz su və həssas təmizlik üçün nəzərdə tutulan xüsusi maddələrin qarışığını 250-500 bar təzyiqi altında tətbiq edərək təmizləmə xüsusiyyətinə malikdir. Avadanlığın iş prinsipini açıqlamaqda məqsəd onun, zədələnmələri minimuma endirəcəyini, fasadların bərpasında tarixi görünüşü maksimum saxlaya biləcəyini, eyni zamanda abadlaşmada ekoloji təmizliyə üstünlük verildiyini göstərməkdir”.

Qurumdan onu da qeyd ediblər ki, binaların, memarlıq abidələrinin yuyulma prosesi həm distillə edilmiş, həm də texniki su ilə həyata keçirilir:

“Əgər binanın yaxınlığında su mənbəyi varsa şirin sudan istifadə olunur. Aparat çox bahalı olduğu üçün yalnız texniki sudan istifadə edilə bilməz, filtrləri tutular. Hazırda Heydər Əliyev prospektində işlər gedir və yaxınlıqda şirin su mənbəyi olmadığına görə texniki sudan istifadə olunur”.

“İstifadə olunan cihaz son model avadanlıq olduğuna görə su sərfiyyatı iki saata cəmi bir tondur. Suyu toz şəklində vurur. Transboy aparatları belə çalışır, şlanqla vurulan sudan xeyli az su istifadə olunur. Başqa metoddan istifadə olunsa qat-qat çox su sərf olunacaq”, - deyə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Bildirilib ki, binaların yuyulması, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır:

“Hər bina özəl və həssas yanaşma tələb etdiyi üçün nümayişdən sonra peşəkarlarla bu yöndə işgüzar müzakirələr aparılır. Bu üsulun şəhərin mərkəzində olan bənzər problemlərin həllində mütəxəssislərə yardımçı olacağı gözlənilir və ölkədə belə avadanlıqların sayının artırılması nəzərdə tutulur”.