Professor Azərbaycanda baş verən sellərin əhəmiyyətindən DANIŞDI
Ötən gün intensiv yağıntılar nəticəsində bəzi çaylardan sel keçib. Nəzərə alsaq ki, ölkəmizdə su ehtiyatlarının azalması müşahidə olunur, bəs yağıntıların artması, sel hadisələri buna necə təsir göstərir?
Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov Redaktor.az-a bildirdi ki, başqa ölkələrlə müqayisədə Azərbaycanın su ehtiyatlarında müşahidə olunan azlıq ölkənin coğrafi mövqeyi ilə bağlıdır:
"Ölkəmizin çaylarında sel və daşqın hadisələri ilin fəsillərindən asılı olaraq baş verir. Çox sulu illərdə yağıntıların çox düşməsi, az sulu illərdə isə bunun əksi müşahidə olunur. Xüsusən, dağ çaylarında baş verən sel hadisələri bir tərəfdən müəyyən hövzədə yaşayış məskənləri, infrastruktur üçün təhlükə törədirsə, digər tərəfədən isə formalaşan axın su ehtiyatlarının artmasına səbəb olur".
Professor qeyd etdi ki, bəzən daşqın və sel hadisələrini bir-birilə qarışdırırlar, lakin onların formalaşması fərqlidir.
"Daşqın intensiv yağışlardan formalaşır. Bu rejim hər il müəyyən çay hövzələrində onun axımını formalaşdıran yağış daşqınlarını əmələ gəlir. Sel isə ilin istənilən fəslində, hətta quru çay dərələrində belə yarana bilir.
Selin əmələ gəlməsi üçün 3 vacib şərt lazımdır. Bunlar intensiv yağan yağışlar, çayın yuxarı hissəsində meyilliyin olması və çayın hövzəsində akkumyativ daş-qaya parçalarının olmasıdır. Bu amillər seli formalaşdırır və istənilən halda bu hadisələr su ehtiyatlarının artmasına təkan verir", - deyə Rza Mahmudov bildirdi.
Sevinc İBRAHİMZADƏ