Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR

 10:58 27.07.2024     307

Son zamanlar qanunsuz şəkildə tikilən evlərin söküntüsü ilə bağlı hallara tez-tez rast gəlinir. Adətən, olduqca qısa müddətə, yəni 1-2 ərzində “tez-bazar” şəkildə tikilən belə evlərin demək olar ki, heç bir sənədi olmur. Son günlər sosial mediada yayılan xəbərlərə görə, nəninki qanunsuz tikililər, hətta qanunsuz yolla zəbt olunan və ya alınan torpaq sahələrinin də hasarları sökülür. Bəs görəsən, bu proses intensiv şəkildə davam edəcəkmi? Sənədləri qaydasında olmayan torpaq sahiblərini hansı təhlükə gözləyir?

Redaktor.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, qanunsuz evlərin meydana çıxmaması üçün torpaqlarla bağlı analoji addımların atılması düzgündür:

“Əslində, düşünürəm ki, bu elə torpaqlarda baş versə daha qanunauyğundur. Çünki hamı yaxşı bilir ki, əgər tikinti varsa, bu bir günün, bir gecənin işi deyil. Hansısa qurumlardan müxtəlif formalarda razılıq alınıb və tikilib. Onun sökülməsi üçün artıq məhkəmə qərarı olmalıdır. Yəni məhkəmə qərarının icrası formasında bu işlər həyata keçirilməlidir. Hər hansı müvafiq icra hakimiyyəti orqanı günün istədiyi vaxtı ağır texnikalarla vətəndaşların yaşadığı və yaxud yaşamadığı, amma əşyaları olduğu evə hücum etməməlidir”.

Ekspert qanunvericilikdə torpaq sahələrinin qanunsuz şəkildə zəbt olunması ilə bağlı ciddi məsuliyyətin olduğunu qeyd edib:

“Torpaq sahələrinə gəlincə, Azərbaycan qanunvericiliyində ərazilərin zəbt olunmasına görə çox ciddi məsuliyyət norması nəzərdə tutulub. Hətta cinayət qanunvericiliyində bununla bağlı konkret müddəa var. Buna görə bu istiqamətdə fəaliyyət göstərmiş istər fiziki, istər hüquqi şəxsin məsuliyyət norması məhz cinayət qanunvericiliyi ilə tənzimlənir. Fikrimcə, Azərbaycanda torpaq zəbt edən insanların sayının həddən artıq çox olması hüquq-mühafizə orqanlarını bununla bağlı müddəanı işlək vəziyyətə gətirməyə vadar edir. Əgər belə bir şey olsa, onda gərək xeyli sayda insan cinayət məsuliyyətinə cəlb olunsun. Amma bütün hallarda müvafiq icra hakimiyyəti orqanları zəbt olunmuş torpaq sahələrinin azad olunması üçün əməli fəaliyyətə keçməlidir”.