Arıçıların üzləşdiyi çətinliklər - Dövlət necə dəstək göstərir?
"Respublikamızda arıçılığın inkişafı istiqamətində dövlət tərəfindən ciddi dəstək tədbirləri görülür. Bunlardan biri 2023-cü ilə qədər 5 il ərzində arı ailələrinə görə dövlət tərəfindən subsidiyanın verilməsi mexanizmi idi ki, 2023-cü ildə bu proses uğurla başa çatdı. Nəticədə ölkədə həm arıçılıqla məşğul olan fermerlərin, həm də arı ailələrinin sayında ciddi artış oldu. İkinci dəstəkverici tədbirlərdən biri azad olunmuş ərazilərdə olan yaylaqlara ilk olaraq arıçılıq təsərrüfatlarının köçürülməsi istiqamətində addım atılıb. Dörd il ərzində əvvəl pilot layihə çərçivəsində, sonra isə kütləvi olaraq respublikanın, demək olar ki, bütün bölgələrindən arıçılıq təsərrüfatlarının Kəlbəcər və Laçın yaylaqlarına köçü təmin edilib. Həmin yaylaqların potensialı arıçılıq təsərrüfatlarında daha çox məhsulun əldə edilməsinə köməklik göstərir".
Bu sözləri Redaktor.az-a ölkəmizdə arıçılıq sahəsinin inkişafından danışarkən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi.
O, arıçıların üzləşdiyi çətinliklərdən də bəhs etdi:
"Arıçıların üzləşdiyi əsas çətinliklər əsas çətin hava şəraiti ilə bağlıdır. Hazırkı məqamda havaların yağıntılı keçməsi, xüsusilə bal süzümü mövsümündə havaların yağıntılı keçməsi bir çox arı ailələrinə mənfi təsir göstərir. Bu, istər nektar yığımında, istərsə də məhsul tədarükündə arıların işləməsinə mane olan bir nömrəli amildir. Təbii ki, təbiətlə bağlı proses insan tərəfindən idarə oluna bilməz. Nəticə etibarilə son üç gündə havaların yağıntılı keçməsi müşahidə olunur və meteoroloji proqnozlar göstərir ki, avqust ayında əvvəlki illərdə olduğu kimi mövsüm nisbətən quraq keçəcək. Bu baxımdan arıçılıq təsərrüfatlarının üzləşdiyi çətinliklər avtomatik olaraq aradan qalxacaq".
Vüqar Hüseynov yerli məhsulların xaricə idxal edilməsi məsələsinə də toxundu:
"Məhsul ixracı prosesini arıçılar özləri həyata keçirirlər. Bu, dövlət tərəfindən hər hansı məhsulun kütləvi şəkildə tədarükü ilə bağlı heç bir proqram və ya layihə həyata keçirilə bilməz. Çünki liberal iqtisadiyyatdır və hər bir fermer öz məhsulunu istehsal etməklə yanaşı, onun satışını da özü təmin edir. Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərindən biri arıçılıq məhsullarının sərgi-satış yarmarkasının təşkilidir ki, ildə bir dəfə təşkil olunur və bu il də təşkil olunacaq. Artıq yarmarkada iştirak etmək istəyən arıçıların xüsusi portalda qeydiyyatı başlayıb və bir ay ərzində arıçılar bir mövsümdə yığdıqları məhsulun yarmarkada iştirakı ilə bağlı müraciət edərək sərbəst şəkildə satışını həyata keçirə bilərlər".
Nazirlik rəsmisi əlavə etdi ki, fərdi arıçılar tərəfindən xarici ölkələrə bal satışı həyata keçirilir.
"Amma burada ən böyük problemlərdən biri bizim arıçılıq məhsullarının brendləşməsi, markalaşması ilə bağlıdır və bununla əlaqədar fermerlərlə mütəmadi maarifləndirmə işləri aparılır. Onlar məlumatlandırılırlar ki, məhsulun keyfiyyət sertifikatını, uyğunluq sertifikatını əldə etmək lazımdır, məhsulu xüsusi olaraq rəqabətə davam gətirə biləcək şəkildə brendləşdirmək lazımdır. Bundan sonra məhsulun ixracı üçün xarici bazarlardakı imkanları araşdırmaq lazımdır ki, bu da fermerlərin üzərinə düşür. Biz tərəfdən aparılan maarifləndirmə işləri fermerlərə brendləşdirmə-markalaşma istiqamətində həm nəzəri biliklərin verilməsi, həm də müəyyən texniki köməkliklərin göstərilməsidir. Bu görülən işlər nəticəsində son illər, xüsusilə bal yarmarkasında artıq öz məhsulunu brendləşdirib qablaşdırılmış şəkildə satan arıçıların sayı artıb. Proses inkişaf etdikcə, təbii ki, həmin məhsulların ixrac imkanları da artacaq və əminəm ki, növbəti illərdə Azərbaycan arıçıları öz məhsullarını daha geniş həcmdə xarici ölkələrə ixrac edə biləcəklər", - deyə Vüqar Hüseynov bildirdi.
Sevinc İBRAHİMZADƏ