"Bu körpülər əvəz olunmalıdır, əks halda faciələr qaçılmazdır" - Memar
Yağışların intensivləşməsi çay sularının da həcmini artırır ki, bu da öz növbəsində sel və daşqınların yaranmasına gətirib çıxarır. Baş verən təbii fəlakətlər isə təsirsiz ötüşmür.
Məsələn, ötən gün Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisində körpü güclü sel səbəbindən uçub. Bu səbəbdən Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Bəs nə üçün körpülərimiz belə davamsızdır? Onların təbiət hadisələrinə dözümlü olmasını necə təmin etmək olar?
Memar Muxtar Ərturan məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda bir sıra körpülər var ki, 50-ci illərin sonlarında və 60-cı illərin əvvəllərində tikilib:
"Onların bir hissəsi rekonstruksiya olunub. Lakin hələ də yenilənməsi lazım olan körpülər var ki, onlar da yeni dövrün tələblərinə cavab verməlidir. Dünyada kataklizmlərlərin, təbii fəlakətlərin sayı get-gedə artmağa davam edir. Buna görə də hesabatlar böyük körpülərin üzərində aparılmalı və buna uyğunlaşdırılmalıdır. Həmçinin istismar müddəti bitmiş körpülər birmənalı şəkildə əvəz olunmalıdır. Əks halda faciələr qaçılmazdır".
Memarın sözlərinə görə, təbii fəlakətlərin qarşısını almaqdan ötrü müəyyən bəndlərin artırılması işləri də görülməlidir:
"Əsasən İsmayılllı, Şamaxı, Ağsu, həmçinin Quba və Qubanın dağlıq ərazilərində torpağın gücləndirilmə işləri aparılmalıdır. Yəni istinad divarların yaradılması zəruridir. Çünki bu divarlar sürüşmənin qarşısını almaqla yanaşı, eləcə də çayların məcrasını dəyişməyə imkan vermir. Ona görə də bu cür qabaqlayıcı tədbirlərin görülməsi labüddür".
Muxtar Ərturan vurğuladı ki, artıq 60-70 il əvvəlki dövrlə müqayisədə təbii fəlakətlərin həcmi çoxdur.
"İndi dünyada baş verən qlobal istiləşmə və digər problemlərlə bağlı olaraq genişmiqyaslı fövqəladə tədbirlər görülməlidir", - deyə o qeyd etdi.
Sevinc İBRAHİMZADƏ