Bakıda binalara müdaxilələr təhlükə yaradıb - AÇIQLAMA
Paytaxtın müxtəlif ərazilərində yerləşən bəzi binalarda sakinlər əlavə eyvan artırırlar. Bir çox hallarda bu qonşu mənzilin sakininə də problem yaradır.
Bəs hansı binalara əlavə müdaxilələr etmək olmaz?
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a bildirdi ki, binalara edilən əlavə artırmalar onun deformasiyasına yol açır:
"Hazırda təkcə Bakı və Abşeron ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Eyni zamanda 150-dən çoxu qəzalı kimi qeydə alınmış bina var ki, onlar da mərhələli formada sökülərək yeniləri ilə əvəzlənir. Hər hansısa çoxmənzilli binaya əlavə artırılmaların olması isə həmin istismar müddəti bitmiş binaları daha da qəzalı vəziyyətə gətirib çıxarır və binanın tarazlığını pozur. Təbii ki, hər hansısa bina inşa olunarkən onun hündürlüyü və çəkisi binanın bünövrəsinə uyğun hesablanır və buna uyğun olaraq təməli qoyulur".
Ekspertin sözlərinə görə, sonradan tikilən eyvanlar tikinti normativlərinə görə yolverilməzdir:
"Ancaq təəssüflər olsun ki, paytaxtdakı binaların böyük əksəriyyətində əlavə artırılmalar mövcuddur ki, bu da həmin binaları vaxtından tez qəzalı vəziyyətə çıxmasına səbəb olur".
Sevinc İBRAHİMZADƏ