Bakteriya aşkarlanan dondurmalar hələ də satışdadır - AQTA niyə nəzarət etmir?

 17:02 31.07.2024     2355

Xəbər verdiyimiz kimi, bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mağazalarda satılan dondurmalarla bağlı monitorinq keçirib. Nəticədə bir sıra firmalara məxsus dondurmaların tərkibində nöqsanlar aşkarlanıb. Ancaq monitorinqin üstündən xeyli vaxt keçsə də, bəzi market və digər ticarət şəbəkələrində həmin dondurmalara rast gəlirik. Təbii ki, bundan xəbəri olmayan vətəndaşlar həmin dondurmaları istehlak edir.

Bəs mağazalarda hələ də zərərli qdondurmaları satışdan qaldırılmamasının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, məsələdən narahat olan insan çoxdur:

"Problemdən narahat olan istehlakçılar bizə müraciət edərək, bu haqda şikayət edirlər ki, mağazada bu dondurmalar hələ də satışdadır. Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çatışmayan cəhətlərindən biri, müəyyən olunandan sonra mal partiyasının tamamilə yığışdırılmaması məsələsidir. Mal partiyası müəyyən tarixlər arasında olan müəyyən mala deyilir. Təəssüflər olsun ki, bu problem var. Lakin ümumiyyətlə təhlükəli və yaxud çirklənmiş mal dedikdə o demək deyil ki, müəssisənin buraxdığı bütün mallar xarabdır".

Ekspert nəzarətin zəif olmasının səbəbini AQTA-nın ləngliyində görür:

"Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyinin cəld reaksiya mexanizmi yoxdur və yoxlama məhdudiyyətləri var. Düşünürəm ki, onların əsasnaməsinə dəyişiklik olmalıdır. Mal partiyası satışdan çıxarılmalı və ictimaiyyətin gözü qabağında, o cümlədən kütləvi informasiya vasitələrinin iştirakı ilə məhv edilməlidir ki, istehlakçılar gözü yumulu, necə deyərlər, rahat mal ala bilsinlər. Çox təəssüf ki, bu məsələ təmin olunmur".

E.Hüseynov həmçinin bildirdi ki, bu cür hallarla qarşılaşan vətəndaşlar dövlət orqanlarına xəbər verməlidirlər.

Türkan İSGƏNDƏRLİ