İqlim dəyişikliyi ilə necə mübarizə aparaq? - İnsanların sağlamlığı TƏHLÜKƏDƏDİR
"Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Aparılan tədqiqatlar göstərir ki, 1980-1982-ci illərdən başlayaraq əsas iqlim göstəriciləri sayılan temperatur, yağıntı, külək və s. amillərin illik dinamikasında dəyişikliklər baş verib və bu dəyişmələr 1995-ci ildən sonra daha intensiv xarakter alıb. Neolit dövründən başlayaraq cəmiyyət tədricən biosferə təsir göstərməyə başlayıb ki, bu da planetimizin yaşıl örtüyünün azalmasına səbəb olub. Vaxtilə bir sıra səhraların yerində geniş meşə sahələri olub, lakin insanların təsərrüfat fəaliyyəti (maldarlıq və əkinçiliyin inkişafı və s.) ilə əlaqədar olaraq son 10 min ildə planetimizin meşə sahələrinin 2/3 hissəsi məhv edilib və bu tarixi dövr ərzində 500 milyon hektar meşə yarımsəhra landşaftına çevrilib".
Bu barədə meteoroloq Cavid Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi.
Onun sözlərinə görə, Böyük Səhranın, Orta və Mərkəzi Asiya səhralarının və s. yaranmasında və sərhədlərinin genişlənməsində antropogen fəaliyyətin təsiri böyük olub:
"Daş kömür, neft, qaz və s. yanacaqların istifadəsi nəticəsində ildə atmosferə, təxminən 20 milyard ton karbon qazı qarışır və atmosferə qarışan qaz emissiyalarının miqdarı ildən-ilə artır. Atmosferdə CO, CO2, NH3, NO, NO2 və hallogenlərin miqdarı artdıqca istilik effektini artırır. Nəticədə qlobal istiləşməyə, yəni havanın orta illik temperaturunun iqlim normasından çox olmasına səbəb olur, quraqlıq və səhralaşma kimi ekoloji böhranların yayılmasına əlverişli şərait yaradır. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə təhlükəli hidrometeoroloji hadisələrin tezliyi və amplitudası xeyli artıb. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və digər təbiət hadisələri tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur. İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son hesabatlarında göstərildiyi kimi, son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artıb, okeanın səviyyəsi 15-25 sm qalxıb və okeanların qızma dərinliyi 3000 metrə çatıbdır. Kosmosdan çəkilmiş şəkillər vasitəsilə müəyyən olunub ki, qumlu səhralar savanna zonasına doğru 200 km-ə qədər genişlənib".
Meteoroloq qeyd etdi ki, iqlimin dəyişməsi hər yerdə eyni sürətlə baş vermir:
"Məsələn, Tropik qurşaqlara nisbətən Rusiyada istiləşmə daha sürətlə gedir. Havanın orta illik temperaturu Şərqi Sibirdə, Amur ətrafı və Primorskda – 3,5-dəfə artıb. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Respublikamızda iqlim dəyişmələrinə həssas sahələr su təminatı, kənd təsərrüfatı və insan sağlamlığı hesab edilir. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30 °C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,30 °C artması müşahidə olunur. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı ilə yanaşı, gücü də artıb. Təhlillər göstərir ki, ölkəmizdə iqlim amillərinin zonalar və yüksəkliklər üzrə dəyişməsi anomal xarakter daşıyır. Son illərdə havanın orta çoxillik temperaturu 1-200 m və 1000 m-dən çox olan yüksəkliklərdə digər yüksəkliklərlə müqayisədə daha çox artmış və orta artım 1,10 °C və 0,70 °C təşkil edib. Yağıntıların orta çoxillik miqdarı 200-500 m yüksəkliyi əhatə edən ərazilərdə azaldığı halda 500-1000 m olan yüksəkliklərdə isə artıb. Planetimizdə havanın orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur".
Cavid Hüseynov bildirdi ki, qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsinin kəskinləşəcəyi ehtimal olunur:
"Aparılan tədqiqatlara və hesablamalarına görə, əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə, iqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına mənfi təsirlər göstərəcəkdir. Bunlara kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsini, su qıtlığı təhlükəsinin artmasını, ekosistemlərin məhv olmasını, insan sağlamlığına risklərin artmasını misal göstərmək olar. İqlim dəyişmələrinə məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Dünya alimləri iqlim dəyişkənliyinin doğurduğu fəsadların qarşısını almaq üçün yollar axtarırlar. Burada əsas məqsəd iqlim dəyişikliklərinin ətraf mühitə vurduğu zərəri və antropogen təsiri minimuma endirməkdir. Qlobal iqlimin qorunması istiqamətində dünya miqyasında bir sıra tədbirlər həyata keçirilir. 1992- ci ildə BMT-nin İqlim Dəyişilmələri üzrə Çərçivə Konvensiyası qəbul olunub ki, burada əsas məqsəd iqlim dəyişmələrinin müəyyən çərçivəyə salınmasını nəzərdə tutur. Onun işlək mexanizmi kimi "Kioto protokolu" qüvvədədir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub".
Meteoroloq vurğuladı ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir:
"2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib".
Ekspert iqlim dəyişmələri ilə iki əsas metod vasitəsilə mübarizə aparmağın mümkün olduğunu qeyd etdi.
"Birincisi iqlim dəyişmələri təsirinin yumşaldılmasıdır (mitiqasiya). Bu mübarizə üsulunda iqlim dəyişmələrinin əsas səbəblərindən hesab edilən, atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılmasına yönəlmiş tədbirlər nəzərdə tutulur. İkincisi isə iqlim dəyişmələri təsirlərinə uyğunlaşmadır (adaptasiya). Bu mübarizə üsulu isə iqlim dəyişmələrinin törətdiyi fəsadlara qabaqcadan hazırlıq tədbirləri vasitəsilə onun vurduğu ziyanın azaldılmasını nəzərdə tutur. Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirini yumşaltmaq və mümkün qədər qarşısını almaqdan ötrü müəyyən uyğunlaşma tədbirləri görülməlidir. Məsələn, atmosferə atılan, istilik effekti yarada bilən qaz emissiyaları və tullantıların miqdarının azaldılması məqsədilə, ekoloji risk və resurs qıtlığını nəzərə alaraq dayanıqlı, alternativ və bərpa olunan enerji növlərindən istifadə edilməsi; şəhərlərin sürətlə yaşıllaşdırılması və şəhər ətrafında yaşıllıq massivlərinin salınması; yaşayış məntəqələrinin və tikintilərin layihələşdirilməsi zamanı mövcud istilik effektinin və gözlənilən iqlim dəyişmələrinin nəzərə alınması; daşqın və sel hadisələrinə qarşı mübarizənin gücləndirilməsi; su ehtiyatlarının idarəetmə sistemlərinin təkmilləşdirilməsi; su kəmərləri sistemində su itkilərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması; suvarılan ərazilərdə suya qənaət edən texnologiyaların tətbiq edilməsi; istisevər, quraqlığadavamlı və yüksək məhsuldarlığa malik olan sortlarının seleksiya, introduksiya və təsərrüfata tətbiqi və sair", - deyə Cavid Hüseynov bildirdi.
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.
Sevinc İBRAHİMZADƏ