Bakıda şadlıq evlərində noyabra yazılan toylar ləğv edilib - Sahibkar: "Dekabrda qiymətlər qalxacaq"

 17:46 31.07.2024     368

Sosial şəbəkələrdə noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirlə əlaqədar bir sıra məhdudiyyətlərin olacağı ilə bağlı şayiələr gəzir. Deyilənə görə, həmin ərəfədə şadlıq evləri fəaliyyət göstərməyəcək və toylar təxirə salınacaq. Bəs bu cür qapanmalar sonrakı aylardakı qiymətlərə necə təsir edəcək?

Sahibkar Mahir Zeynalov Redaktor.az-a açıqlamasında bildirdi ki, insanlar noyabr ayına toy yazdırmağa maraqlı deyillər:

"COP29-la bağlı müəyyən qapanmaların olacağı və ya iş yerlərinin 10-20 faiz kollektivlə fəaliyyət göstərəcəyi barədə söyləntilər var. Restoran və iaşə obyektlərindən başqa digər yerlərin həmin ay işləməməsi ilə bağlı fikirlər mövcuddur. İnsanlar da bundan şübhəli qalıblar və noyabra toy yazdıranlar da ləğv ediblər. Qapanma təhlükəsi, yollarda müəyyən məhdudiyyətlərin yaranması səbəbindən noyabrda toy etməyə əsasən yuxarı təbəqə meylli deyil. Onlar qonaqların rahat gəlib-getməsindən narahatdırlar. Amma aşağı qiymətə işləyən, 50-60 manata olan şadlıq evlərinin çoxunda toylar olacaq. 
Əsasən şəhərdən kənar ərazilərdəki şadlıq evlərində toylar var, ancaq o da sayca çox deyil. Həmçinin toylarda iştirak edəcək insanlar da COP29-la əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar, yəqin ki, iş vaxtları da çox olacaq. Toyda iştirak etmək üçün vaxt qıtlığı problemi ilə qarşılaşacaqlar. Bu baxımdan həmin ayda toylar 70-80 faiz ehtimalla olmayacaq".

Mahir Zeynalov qeyd etdi ki, əgər noyabrda toy olmasa və dekabrda toylar başlayarsa, tələb çoxalacaq və bu da qiymətin qalxmasına səbəb olacaq. Bu baxımdan qiymətin sonradan 10-15 faiz artması gözlənilir.

Sevinc İBRAHİMZADƏ