“London taksisi”ni çürütməkdənsə, qazilərə, ehtiyacı olanlara versinlər - Ekspertdən TƏKLİF

 17:48 01.08.2024     543

Binəqədi qəsəbəsində “London taksisi” qəbiristanlığı yaranıb. İllər öncə dövlətin dəstəyi ilə alınıb Bakıya gətirilən yüzlərlə “London taksisi” hazıırda Binəqədi qəbiristanlığında çürüməkdədir. Vətəndaşlar həmin maşınların hazırda işsiz olan taksi sürücülərinə paylanılmamasından və yaxud da dövlət tərəfindən münasib qiymətə satışa çıxarılmamasından narazıdır. Bəs bu taksilərin aqibəti necə olacaq?

Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, sözügedən maşınların  istehsal ili bu gün qoyulan tələblərə uyğun gəlmir. Ona görə də onların sırf taksi minik avtomobili kimi istehsalı yolverilməzdir və qanuna ziddir:

"Ancaq o maşınlardan başqa məqsədlər üçün istifadə oluna bilər. Məsələn təmir edib şəxsi avtomobil kimi istifadə etmək olar. Yaxud qazilərə, şəhid ailələrinə, digər ehtiyacı olan kəslərə vermək olar ki, istismar etsinlər. Bu avtomobillərin taksi istisna olmaqla, digər formada istifadə imkanları açıqdır. Hesab edirəm ki, bunu dövlət qurumları dəyərləndirə bilərlər. Nəzərə almaq lazımdır ki, bu taksilərə milyonlarla manat vəsait xərclənib. O vaxt keçmiş nəqliyyat naziri Ziya Məmmədov və "Hafka" ləqəbli Hafiz Məmmədov birlikdə bu maşınları ölkəyə gətirdilər. Ancaq gömrük rəsmiləşdirilməsini həyata keçirmədilər. Gömrük Komitəsi də o vaxt onlara icazə verdi ki, xidmət göstərsinlər, daha sonra mərhələli şəkildə gömrük qeydiyyatını həyata keçirsinlər. Sonradan həmin şəxslərin arasında yaranan səbəblərdən dolayı biznes məsələləri kənarda qaldı və "London taksiləri" də bir növ havada qaldı. Bir müddət sonra gömrük əməkdaşları həmin taksiləri bir-bir küçələrdən tutub cərimə meydançasına aparırdılar ki, gömrük qeydiyyatından keçməyib".

Ekspert qeyd etdi ki, o vaxt dövlətin tapşırığı və rəhbər şəxslərin göstərişi ilə bu məsələni uyğun formada həll etmək olardı:

"Bu maşınların orada çürüməsindənsə, kiməsə faydalı olması daha yaxşıdır. Sadəcə olaraq bizdə adətən birdəfəlik kökündən kəsməyə üstünlük verilir. Yəni Ziya Məmmədova, Hafiz Məmmədova ziyan vurduqları fikrindədirlər, amma fikirləşmirlər ki, bu, onların heç birinin vecinə deyil. Çünki onların hər ikisinin baltanın belə kəsə bilməyəcəyi qədər pulu var. Bu taksilərin heyif olması ilə həmin şəxslərə ziyan dəyməsi dəryadan bir vedrə suyun azalması kimidir. Həm də bu maşınların orada çürüməsi insanların ikrah hissi ilə qarşılamasına səbəb olur. Əgər orada 500 maşın varsa, onları yığıb heç olmasa, 150 təmirli və istimara uyğun maşın əmələ gətirmək olar".

Sevinc İBRAHİMZADƏ