205 nömrəli avtobus "Topçubaşov"da niyə saxlamır? - NARAZILIQ

 09:38 08.08.2024     662

Ölkədə ictimai nəqliyyat xərclərinin artırılmasından sonra keyfiyyətinin də artırılması ilə bağlı müəyyən ümidlər var idi. Lakin yenə də yarım saat yolu gözlənilən, lazımi dayanacaqda saxlamayan "BakuBus" avtobuslarına rast gəlmək adi haldır. 

Bu dəfə redaksiyamıza daxil olan şikayət 205 nömrəli avtobusla bağlıdır. Belə ki, normalda Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qarşısındakı dayanacaqda saxlayan bu avtobus artıq heç sərnişinlərin "stop" düyməsini sıxmağına baxmayaraq, orada saxlamır. Bu isə sərnişinlərin ciddi etirazına səbəb olub. Onlar xəstə insanların nə üçün yaxın dayanacaqda deyil də, xəstəxanadan daha uzaq məsafədə yerləşən dayanacaqda düşməli olduğunu sorğulayırlar.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi paytaxtda ən böyük xəstəxanalardan biridir. Burada həm çalışanların, həm də xəstə və ziyarətçilərin sayı kifayət qədərdir. Xəstəxanada icbari tibbi sığortaya görə pulsuz müayinə və müalicə aparıldığı üçün imkansız insanların əksəriyyəti bu tibb mərkəzinə üz tuturlar və onların əksəriyyəti ictimai nəqliyyatdan istifadə edənlərdir. Lakin xəstəxananın qarşısından keçən 205 nömrəli avtobusün sürücüləri bir çox hallarda burada saxlamadan keçirlər. Beləliklə, "Topçubaşov"a gələn insanlar ya "İnşaatçılar" metrosunda düşüb xeyli yolu piyada gəlməlidirlər, ya da "Tusi" adına klinikanın yaxınlığında düşüb uzun məsafəni qət etməlidirlər. Təbii ki, xəstəxana işçilərinin də hamısının şəxsi avtomobili olmadığını nəzərə alsaq, 205 nömrəli avtobusun burada dayanmaması minlərlə insanı narazı salır.

Məsələ ilə bağlı "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, bunun səbəbi 205 nömrəli avtobusun pasportunda Topçubaşov xəstəxanasının qarşısındakı dayanacaq qeyd edilməyib. Yəni, sözügedən avtobus həmin dayanacaqda saxlamalı deyil, çünki 205 nömrəli marşrut xəttinə aid olan dayanacaq xəstəxanadan sonrakıdır. 

Əsmər Əliyeva onu da qeyd etdi ki, dayanacaqlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) tərəfindən tənzimlənir.

AYNA-nın mətbuat katibi Tural Orucov isə müraciətimizlə bağlı bildirdi ki, 205 nömrəli marşrutun istismarçısına avtobusların fəaliyyətinə nəzarətin artırılması, dayanacaq məntəqələri arasında əlaqəliliyin təmin edilməsi tapşırılıb.

Sevinc İBRAHİMZADƏ