"İşləri tez-bazar həll edib qaçırlar, 3 aydan sonra gələcəklər ki, yol dağılıb" - Ekspert

 17:50 09.08.2024     428

Bakıda yeni təmir olunmuş yolların bəzilərində kanalizasiya qapaqları ya asfaltdan yuxarı, ya da aşağı quraşdırılıb, bir sözlə, qapaqlar asfalta paralel deyil. Bu isə həmin yerdən keçən nəqliyyat vasitələrinin hərəkətinə müəyyən dərəcədə maneə törədir. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Yeni Salyan yolunda, "Jurnalistlər bina"sının qarşısında bu problemlə qarşılaşıb:

"Avtomobil yollarının rahat və təhlükəsizliyi üçün müxtəlif texnologiyalardan istifadə olunur. Azərbaycanda da son 10 ildə görmüşük ki, yollarda təmir aparılarkən kanalizasiya lyuklarının asfaltla eyni məsafədə olması təmin edilir. Bunun üçün xüsusi elastiklik lazımdır, xüsusi texnologiya tətbiq olunmalıdır ki, ağır tonnajlı avtomobillər onu tez bir zamanda sıradan çıxarmasın. Amma son günlər tələm-tələsik təmir olunan yollarda kanalizasiya lyukları ya aşağıdır, ya da asfaltdan yuxarıdır. Belə işləri tez-bazar həll edib qaçmaq düzgün deyil, çünki 3 aydan sonra yenidən gələcəklər ki, yol dağılıb. Bu, sürücüləri də ziyana salır, nəqliyyat vasiitələrinin asqı sistemini dağıdır, təkərləri cıra bilər, ağır qəzaların baş verməsinə şərait yarada bilər. Bunların məsuliyyətsizliyi insanlara ciddi ziyan vura bilər və nəticədə şəxs dəyən ziyanı həmin şirkətlərdən, dövlət qurumundan məhkəmədə tələb edə bilər. Bəzən insanlar hüquqlarını bilmirlər deyə heç bir tələb irəli sürmürlər, qurumlar da elə bilirlər ki, bu cür də olmalıldır. Təhlükəsizlik elementlərini yollarda ən yüksək səviyyədə tətbiq etmək lazımdır".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən saytımıza verilən məlumata görə, yeni kanalizasiya xətlərinin çəkilməsi, yaxud sistemdə hər hansı təmir, bərpa prosesinin aparılması, o cümlədən quyu qapaqlarının qoyulması işləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirildikdən sonra asfalt örtüyünün bərpası (kanalizasiya qapaqlarının asfalt qatı ilə eyniləşdirilməsi və s.) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Yol İstismar İdarələrinin öhdəliyinə aiddir. "Yeni çəkilən yollarda, demək olar ki, qeyd etdiyiniz problemə rast gəlinmir", - deyə qurumdan bildirildi.

Bakıda yolların təmirinə məsul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə də əlaqə saxlamağa çalışaq da, gün ərzində zəng və mesajlarımıza cavab verən olmadı.

Sevinc İBRAHİMZADƏ