Bazarda ən çox bu maşınlar satılır - Ekspert açıqladı
Son zamanlar avtomobil bazarlarında ötən illərə nisbətən müəyyən dəyişikliklər nəzərə çarpır. Hərçənd yollarda köhnə istehsal olunmuş avtomobilləri görmək mümkündür. Buna baxmayaraq, vətəndaşlar xüsusilə yeni avtomobillərə maraq göstərir və satışı ilə məşğul olurlar.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bunun səbəblərindən danışdı:
"Azərbaycanda hazırda dövlətin göstərdiyi gömrük, ƏDV kimi xüsusi rüsumlar ləğv ediləndən sonra elektromobillərə daha çox maraq artıb. Sözsüz ki, bununla yanaşı, hibrit avtomobillər də populyarlığını saxlayır. Burada Yaponiya istehsalı olan, Avropa brendləri olan avtomobillər olsa da, əksəiyyət Çin istehsalı olan avtomobillər təşkil edir.
Daxili yanma mühərriki ilə işləyən avtomobillər elektromobil və hibridlərdən sonra gəlir, buna baxmayaraq onlar da satılır. Əvvəlki illərə nisbətən köhnə, ikinci əl avtomobillərdən bir qədər qaçmağa çalışırlar, daha çox yeni avtomobillərə maraq var. İstər ənənəvi benzinlə çalışan, istərsə də elektrik və hibrid avtomobillərin yeniləri avtosalonlarda üstünlük təşkil edir. Vətəndaşlarımız başa düşür ki, köhnə maşınlar həm ekologiyaya ziyandır, həm də cibimizə".
Ekspertin sözlərinə görə, insanların çoxu avtomobilini zövqünə görə seçir:
"Buna görə də əksər alıcılar həmin avtomobili istehsal edən ölkəyə çox diqqət yetirmirlər. Bəziləri isə var ki, bu günədək, məsələn, yalnız Koreya istehsalı olan avtomobil sürüb, buna görə də o, avtomobilini dəyişərkən eyni ölkənin istehsal etdiyi başqa bir modeldən davam etmək istəyə bilər".
Sevinc İBRAHİMZADƏ