Xəzər həm çəkilir, həm çirklənir - Alimlərimiz nə deyir?

 10:00 15.08.2024     1363

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərin suyu iqlim dəyişikliyi nəticəsində gözlə müşahidə oluna biləcək qədər azalıb. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcək. Mütəxəssislər problemin həllini atmosferə atılan karbon qazının miqdarının azalmasında və sudan qənaətlə istifadə olunmasında görüblər. 

Qeyd edək ki, noyabrda Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bəs Xəzərlə bağlı məsələ COP29-da müzakirə olunacaqmı? Xəzərin problemi hansı şəkildə öz həllini tapa bilər?

Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Redaktor.az-a açıqlamasında bildirdi ki, Xəzər dənizi elə bir regionda yerləşir ki, həm onun özünün su aynası və onun su toplayıcı sahəsinə Xəzərin hövzəsində gedən proseslər təsir göstərir:

"Xəzər dənizinin əsas problemlərindən biri baş verən təhlükəli hidometeroloji hadisələrdir ki, onlardan da biri ekstremal hallarda Xəzərin səviyyə dəyişmələridir. Xəzər dənizi regionda iqlim dəyişmələrinin göstəricisi rolunu oynayır. Yəni səviyyə artır və ya azalırsa, bu Xəzər hövzəsində baş verən proseslərlə bağlıdır, hansı ki, onlar Xəzər dənizinin su balans elementlərini təşkil edir. Əsasən Xəzərə tökülən çay axınları, Xəzərin səthində gedən buxarlanma və sözsüz ki, yağıntılar dənizin su balans elementlərində dəyişikliyə səbəb olur və müasir iqlim problemləri bunu daha da sürətləndirir. Xəzərdə suyun aşağı enməsinin əsas səbəblərindən biri qlobal iqlim dəyişmələrinin regional səbəbidir. Eyni zamanda Xəzərətrafı ölkələrin iqtisadi göstəriciləri, infrastruktur sahəsində baş verən dəyişikliklər onların da məsələyə ciddi yanaşmasına gətirib çıxarır".

Professor qeyd etdi ki, müasir iqlim dəyişmələri Xəzərin suyunun temperaturuna da təsir edir:

"Dünya alimləri iqlim dəyişmələri ilə bağlı ölü zona adlandırılan yerlərin xəritəsini hazırlayıblar. Xəzər dənizində oksigen azalması, temperaturun artması, suyun qızması baş verir ki, bu da suyun içində olan canlı aləmə təsir göstərir və zamanla onların azalmasını müşahidə edirik".

Rza Mahmudovun sözlərinə görə, noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində Xəzərlə bağlı məsələlər gündəmdə olacaq:

"1995-ci ildə Cenevredə "Xəzərin hidrometerologiyası və çirklənməsi monitorinqi" adlı koordinasiya şurası yaradılmışdı ki, COP29 çərçivəsində də dünya ölkələrinin rəhbərliyi ilə bu problemin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Çünki Xəzərin səviyyəsində baş verən dəyişmələr birbaşa ətraf ölkələrin iqtisadiyyatına təsir göstərir". 

Professor ümid edir ki, COP29-da Xəzər dənizi ilə bağlı proqnozların hazırlanması, ətraf mühitinin öyrənilməsi, suyun çirklənməsi ilə ilə bağlı elmi əsaslandırlmış nəticələr müzakirə ediləcək:

"Burada əsas Xəzərin gələcəyi üçün müəyyən elmi əsaslara söykənmiş müasir iqlim dəyişmələrinə qarşı tədbirlərin genişləndirilməsi, baş verən hidrometeroloji proseslərin proqnozlaşdırılması, ssenarilərin hazırlanması və həmin ssenarilərə əsasən digər ölkələrin adaptasiyası məsələləri öz həllini tapmalıdır".

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev isə bildirdi ki, Xəzər dənizinin suyunun çəkilməsi məsələsi nisbidir. Çünki Xəzər dənizinin suyu xeyli müddətdir çəkilir, ölkə ərazisində, o cümlədən Xəzərin su topladığı 4 milyon kvadrat kilometrlik ərazidə havalar quraq keçir. Ona görə də Xəzərin suyunun enməsi müşahidə olunur:

"Ancaq tarixi təcrübə göstərir ki, Xəzərin suyu hər zaman enib və sonradan bərpa olunub. Hazırkı iqlim mühiti belədir ki, Xəzərin su toplayan sahələrində yağıntıların miqdarı kifayət qədər artır. Əvvəlki illərin təcrübəsi ilə yola çıxsaq, artım davamlı olacaq. Bu il yağıntılı ildir və ola bilsin ki, növbəti illərdə Xəzərdə qalxma tendensiyası başlayacaq. Bu hələ ki, ehtimaldır, ancaq tarixi qanunauyğunluğa nəzər salsaq, bu ehtimal özünü doğrulda bilər. Heç kəs deyə bilməz ki, Xəzər dənizinin quraqlığı davam edəcək. Heç kimdə elə bir müşahidə aparatı yoxdur ki, enməni və ya qalxmanı dəqiqliklə yoxlasın. Azərbaycanda bunu iqlimə görrə müəyyənləşdirirlər. Xəzər dənizi ilə bağlı əsasən Rusiya və digər ölkələr araşdırmalar aparırlar, buna baxmayaraq, onlar da hələ ki, dəqiq bir məlumat vermirlər. Elə bir düşüncə yaranmamalıdır ki, Xəzərin suyu ancaq azala bilər. Əksinə, su azaldığı kimi, həm də qalxa bilər". 

Ekoloq Xəzər dənizinin çirklənməsindən də danışdı. O qeyd etdi ki, hələ sovet dönəmindən Xəzər dənizi mütəmadi olaraq çirklənib:

"Azərbaycan daxil olmaqla, 5 ölkə tərəfindən, eyni zamanda neft yataqları və s. nəticəsində artıq Xəzər dənizinin çirklənməsi ilə bağlı həyəcan siqnalı çalınırdı. Amma artıq ayrı-ayrı dövlətlərdir və hər birinin nə sənaye, nə təsərrüfat sahəsinə nəzarət etmək olur, nə müəssisələrin su təmizləyici qurğularına nəzarət etmək olur. Əsas da Xəzərdən külli miqdarda neft çıxarılır ki, bu da tullantıların əmələ gəlməsində əhəmiyyətli rol oynayır. Bu suya nəzarət edə bilmirik, deyirik ki, çirklənib. Kim çirkləndirib, onu da bilmirik. Burada qeyri-müəyyənlik yaranır. Ancaq mən düşünürəm ki, ən çox neft şirkətləri, neft daşıyan qurumlar buna cavabdeh ola bilərlər. Xəzər dənizinin su təmizləyici qurğularına heç kim nəzarət edə bilmir. Güclü yağıntılar zamanı da Xəzər xeyli dərəcədə tullantı sularla çirklənir. Burada avtomobillərdən atılan tullantıların da xüsusi yeri var. Qeyd edim ki, Dünya Sənaye Təşkilatının fikrincə, Bakı dünyanın ən çirkli şəhərlərindən biridir. Çünki burada nəzarət mümkün deyil, 2 milyona yaxın avtonəqliyyat vasitələrinin 85 %-i bizim şəhərdədir. Bunlar vasitəsilə yayılan qazlar, neft məhsulları, daxili yanma mühərrikindən 260-a qədər tullantılar və s. asfaltın üzərinə çökür və yağış vasitəsilə də dənizə axır. Sumqayıtdakı müəssisələrin də tullantı məhsulları heç də az deyil".

Ənvər Əliyev vurğuladı ki, bunun qarşısını almaq üçün dövlətlər bir yerə toplanmalı, ciddi nəzarəti müzakirə etməlidirlər:

"Ən vacibi isə Rusiya, Qazaxıstan kimi Xəzəri öyrənən elmi-tədqiqat institutumuz olmalıdır ki, bu nəzarəti rəsmiləşdirə bilək. Hər bir fikrin arxasında analitik nəticə olmalıdır"

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2