Külli Qarabağın abi-həyatı... Elşad Qocanın yol qeydləri

 18:54 14.08.2024     836

Şuşaya səfərə çoxdan hazırlaşırdım, hər dəfə də bir iş çıxır, məsələlər uzanırdı. Nəhayət, avqustun birinci ongünlüyündə səfərim reallaşdı. Şuşaya səfər etmiş dostlarım səhər tezdən yola çıxmağımı məsləhət gördülər. Lakin hansı yolla gedəcəyimi müəyyənləşdirə bilmirdim, daha doğrusu, qəti qərar qəbul edə bilmirdim. Maşını özüm sürməli idim, bu da məni çox narahat edirdi, məsafə uzaq, yollar narahat (təbii ki, mənimçün). Uzaq yola heç vaxt çıxmayan təcrübəsiz sürücü üçün bunun ciddi problem olduğunu uzaq yola çıxanlar yaxşı bilir. Qarabağlı dostlar köməyimə gəldi, Zəfər yolu ilə getməyimi istədilər. Əslinə qalsa mənim də ürəyimcə oldu, müzəffər Azərbaycan əsgərinin izi ilə getməyin ayrı bir ləzzəti vardı.

Səhər tezdən həyat yoldaşım Fatma xanımla yola çıxdıq. Yol boyu, xüsusən də Füzuli rayonunun Əhmədbəyli kəndinə qədər olan əraziləri hələ bir vaxtlar sərhəd qoşunlarında xidmətdə olarkən gəzmişdim. Aradan uzun illər keçdiyindən demək olar ki, heç yanı tanıya bilmədim. Əhmədbəyliyə çatanda həyəcanım artmağa başladı, mənə elə gəlirdi ki, elə indicə maşını aşırdacam. Qarabağın füsunkar təbiəti məni elə ovsunlamışdı ki. Sağa-sola baxdıqca idarəetməni az qala unudurdum. Ona görə də maşını saxlayıb həm təkərlərin etibarlılığını yoxlatdım, həm də tələsmədən ətrafı seyr elədim. Dostlarım, əslən qarabağlı olan Beynəlxalq Avrasiya Fondunun sədri, Qarabağı, eləcə də Azərbaycanı qarış-qarış gəzən və təmənnasız Vətən üçün böyük işlər görən yazıçı-jurnalist Umud Rəhimoğluna, Qarabağ tarixinin ən yaxşı bilicilərindən olan yazıçı-jurnalist, “Şuşa” qəzetini təkbaşına, hələki heç bir kömək olmadan çıxaran Vasif Quliyevə heç saata baxmadan zəng etdim. Səhər tezdən olsa da hər ikisi də iş başında idi. On-on beş dəqiqəlik məsləhətləşmədən sonra yolumuza davam edirik. Ətrafa baxdıqca keçmiş yurd yerlərimizin necə də vəhşicəsinə dağıdıldığının şahidi olursan. Vəhşi, xain düşmən daşı-daş üstündə qoymayıb.

Füzuli şəhərinə çatırıq. Yeni salınmış şəhərdə həyat davam edir. Qarşımıza çıxan hər kəslə görüşmək, söhbətləşmək istəyi keçir könlümüzdən. Benzin doldurma məntəqəsində bir gənclə söhbət edirik. – Ailəlikcə yeni tikilmiş binalarda yerləşmişik, min şükür, işləyirik. Sağ olsun dövlətimiz, Prezidentimiz uşaqlarımız böyüyür, şəhər də böyüyür, kommunal xidmətlər işləyir. Günü-gündən şəhərimizdə tikilən evlərin, sosial obyektlərin sayı artır. Bu da burada məskunlaşmış vətəndaşların rahat və firavan yaşaması üçün olduqca vacibdir. Belə davam etsə, bir müddət sonra Füzuli böyük və gözəl şəhərə çevriləcək.

Bəlayi-ehtiyat benzin tədarükü görüb yenidən yolumuza davam edirik. Yolumuz hər bir azərbaycanlının qürur yeri olan Şuşayadır. Narahatam, içimdə sanki burulğan var. Şuşalı günlərim yadıma düşür. Diqqətimi yola verməyə çalışsam da sovetlər dönəmində Şuşada, Malıbəylidə, Xocalıda, Xankəndində (onda Stepanakert adlanırdı) keçirdiyim xoş və mənalı günlərimi bir-bir xatırlayıram, sanki yaşananlar dünən olub.  Həmin dövrdə Şuşada və ətraf bölgədə üç dəfə olmuşdum. İlk dəfə 1979-cu ilin iyul ayında indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kurs tələbəsiykən Şuşada, “Şuşa” qəzeti redaksiyasında 45 günlük praktika keçmişdim. Mənim anadan olduğum və böyüdüyüm Qərbi Azərbaycanın İncəsu (Barana, Noyemberyan) rayonunda azərbaycan dilində qəzet olmadığından dostum Vasif Quliyevin məsləhəti ilə praktikanı “Şuşa” qəzetinə götürmüşdüm. Şuşanı mənə Vasif tanıtmışdı. Hər gün səhər tezdən durur, Vasifin anası rəhmətlik Məfkurə xalanın hazırladığı səhər yeməyini ləzzətlə yeyib Malıbəylidən yola çıxır, məşhur Ağa körpüsünü keçib dolanbac yollarla Şuşaya qalxır, redaksiyaya gəlirdik. Hərdən Şuşada Vasifin böyük bacısıgildə qalırdıq.

45 gün az vaxt deyil, az qala Şuşanı qarış-qarış gəzmişdim. Şəhərdə olan bütün tarixi abidələri, görməli yerləri Vasiflə birlkdə seyr etmişdik. Təbii ki, Vasif bu gəzintidə bələdçi rolunu oynayırdı. Şuşanın hər daşı, qayası tarixdir. Vasif bu tarixi mənə bir-bir anlatmışdı. Özü də həmin vaxtlarda Şuşa haqqında əməlli-başlı ədəbiyyatlar da yox dərəcəsində idi. Vasifin danışdıqlarının çoxu onun özünün tədqiqatları sayəsində mənə məlum olmuşdu.  Bu səbəbdən mən Şuşanı tanımışdım, sevmişdim. Onu da deyim ki, mən Azərbaycanımızın demək olar ki, bütün bölgələrini gəzmişəm. Ancaq o yerlərdə bir həftədən çox olmamışam. Görünür Şuşanı həm də buna görə çox sevmişəm. Az qala həftədə iki-üç dəfə İsa bulağına gedir, rəhmətlik Mürsəl kişinin oxuduğu müsiqiləri dinləyir, pürrəngi çaydan içirdik.

Şəhərdə Süleymanın güllər içində yerləşən çayxanasını da yaxşı xatırlayıram. Bura kimlər gəlmirdi. Azərbaycanın o dövrdəki elitasının nümayəndələri. Süleyman Ələsgərov, Firudin Şuşinski, tanınmış şairlər, yazıçılar, elm adamları Şuşada dincəlirdilər. Hətta şəhərdə gəzinti zamanı az qala hər tində tanıdığımız hörmətli ziyalılara rast gəlirdik.

Cıdır düzünə isə hər gün gedirdik. Burada sadə bir çayxana vardı. Çayxanada ancaq kəkotu çayı verilirdi. Öz aramızda “Səmayə xalanın çayxanası” deyirdik, hər günorta Çıdır düzünə gedir, Səmayə xalanın dəmlədiyi kəkotu çayından doyunca icərdik. Sanki Səmayə xala da vaxtımızı bilirdi, bizi görən kimi üzü gülür, tez çayımızı gətirərdi. Ruhu şad olsun Səmayə xalanın, gözəl insan idi. Daim onu xatırlayıram.

Bu gün Şuşanın simvoluna çevrilən xarıbülbül gülünü də Cıdır düzündə Vasiflə birlikdə dərmişik. Sonra tapdığımız o yeganə gülü Bakıya, “Elm və həyat” jurnalının redaksiyasına mən gətirib təhvil vermişəm. Jurnalın növbəti nömrəsində səhv etmirəmsə Mehriban Axundovanın xarıbülbül haqqında yazısı dərc olunmuşdu.

Avtovağzalın yaxınlığında yerləşən və Şuşa xəngəli verən yeməkxana da yaxşı yadımdadır. Həm ucuz, həm də ləzzətli Şuşa xəngəlinin dadı hələ də damağımda qalıb. Ümumiyyətlə, Şuşada təkrar yoxdur, hər şey özünə məxsusdur. Bu hətta bölgədə də seçilir, ləhcəsində də seçilir. Şuşalını yüzlərin içindən də tanımaq olur.

İkinci dəfə Şuşaya 1986-cı ildə, artıq ali təhsillli jurnalist kimi getmişdim. Onda “Kənd həyatı” jurnalında işləyirdim. Şuşanın tarixi abidələri mövzusunda material hazırlamalı idim. Məni o vaxtlar Şuşa rayon partiya komitəsinin 2-ci katibi Xaçaturyan soyadlı bir erməni qarşıladı. Mən bu hiyləgər daşnakı qiyabi tanıyırdım. Belə ki, Vasif məni yaxşıca məlumatlandırmışdı. Bu daşnakın hansı yuvanın quşu olduğunu bilirdim. O, hiyləgərcəsinə irişib dedi ki, başa düşmürəm, son vaxtlar sizin jurnalistlər Şuşaya tez-tez gəlirlər, Şuşa balaca yerdir, bir dəfə gəldin yazdın bitdi. Və susdu, mənim reaksiyamı gözlədi. – Şuşa bizim tariximizin bir parçasıdır, ona görə də Şuşanın hər bir daşı, qayası barədə yazmaq bizim borcumuzdur, dedim. Dinmədi.

Məni bərpaçı-memar İlhami Fətəliyevlə görüşdürdülər. Vasifin və İlhami müəllimin köməkliyi ilə Şuşanın tarixi abidələri barədə iri həcmli material hazırlayıb jurnalın nömrələrinin birində çap etdirdim.

Şuşada üçüncü dəfə Vasifin toyuna gedərkən olmuşdum. Rəhmətlik dostumuz Cavanşir Çahangirovla yol yoldaşı olmuşduq. Onda da çox az müddətdə olduq, toydan çıxıb Şuşaya gəldik, cəmi bir saat, bəlkə də az. Dostlarla yüngül gəzintidən sonra Cavanşir Xankəndinə, mən isə Bakıya yola düşdüm.

Xatirələr məni aparmışdı. Yaxşı ki, Fatma xanım məni tez-tez söhbətə tuturdu. Böyük Tağlar kəndini keçdikdən sonra, daha doğrusu yuxarı qalxdıqca həyəcanım yenidən artmağa başladı. Hərdən mənə elə gəlirdi ki, yolda bizdən başqa kimsə yoxdur. Aha, deyəsən qabaqda xeyli maşın dayanıb, bəziləri deyəsən qızdırmışdı. Sərnişinlər isə öz işində idi, kimi şəkil çəkir, kimi uca Allahın yaratdığı gözəllikləri seyr edirdi. Ancaq mən maşını dayandırmaq istəmirdim, mənə elə gəlirdi ki, maşını dayandırsam problem yaşayacam. Ona görə də yolumuza davam edirdim. Üzü Şuşaya tərəf enəndə bir az rahatlandım, az qalıb, bir azdan Şuşaya çatacağıq. Onu da deyim ki, yolun bəzi hissələrində tunellərin qazıldığı görsənir, möhtəşəm, yeni yollar salınır.

Düz beş saatlıq yoldan sonra nəzarət-buraxılış postlarından keçib şəhərə daxil oluruq. Mənə elə gəlirdi ki, sovet dönəmində olduğutək hər qarışını tanıdğım şəhərə daxil olub istədiyim yerə gedəcəyəm. Əksinə, çaşıb qalmışdım, hansı tərəfə sürüm? Köməyimə polislər gəldi, qalacağım “Şuşa” otelinə necə gedəcəyimi anlatdılar.

Səhər sast 10-dur. Yerləşdik, tələsik bir tikə çörək yeyib şəhərə çıxdıq. Şəhəri gəzməyə tələsirik. Hər yerdə tikinti-bərpa işləri aparılır. Yolumuz Çıdır düzünədir. Yoldaşım Yuxarı Gövhərağa məscidində namaza tələsən dəstəyə qarışır. Mən Çıdır düzünün yolunu özüm tapmaq istəyirəm. Deyəsən düz tapmışam, daşlı yollarla yuxarı qalxırıq, xatirələr yada düşür. Ziyarətə gələnlər həddən artıq çoxdur. Bu da Çıdır düzü, bəlkə də yüz dəfə bu yerdə olmuşam, yenə də çaşıb qalmışam. Yəqin ki, bu yeri görənlər mənimlə razılaşar, dünyanın ən gözəl guşələrinin bəlkə də birincisidir, Çıdır düzü! Topxana meşəsi bu yerlərə xüsusi gözəllik verir. Qarış-qarış gəzirik ərazini, adam doymaq bilmir, hər tərəf gözəllik, ürəyi riqqətə gətirir. Gözüm Səmayə xalanın çayxanasını axtarır. Yoxdur o çayxana. Maraq üçün çayxananın yerini müəyyənləşdirməyə çalışıram. Alınmır, yenə də Vasifə zəng edir və çayxananın yerini tapıram. Çıdır düzündən getmək istəmirik, ancaq gəzmək lazımdır, iki gün yarım vaxtımız var. Hələ qarşıda Şuşanın digər görməli yerləri, Laçın, Xankəndi, Xocalı, Əsgəran, Ağdam var. Vaxtı düzgün bölmək lazımdır ki, çatdıra bilək.

Böyük şairimiz, Qarabağ xanlığının baş vəziri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə düşürük. Buranı da yaxşı xatırlayıram. 1992-ci ildə erməni qoşunları Şuşanı işğal etdikdən sonra şəhərdə olan mədəniyyət abidələrinə qarşı vandalizm aktları törətmişdilər. Vaqifin məqbərəsini də, büstünü də vəhşicəsinə dağıtmışdılar. Şuşa qəhrəman Azərbaycan əsgərləri tərəfindən azad edildikdən sonra  möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, kompleks yenidən qurulmuşdur.

Kompleks Çıdır düzünə qalxan daşlı yolun solunda, Vaqifin həlak olduğu və dəfn edildiyi yerdə salınmışdır. Yüksək peşəkarlıqla hazırlanmış Vaqif türbəsi Şuşanın özünəməxsus memarlıq üslubuna aid gözəl abidədir.

Şuşada Vaqifin büstü 1958-ci ildə indiki Vaqifin türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilmişdir. 1976-cı ildə abidə şairin evinin yaxınlığına köçürülmüşdür. Dağıdılmış abidə yenidən bərpa edilmişdir.

Gələnlərin ardı-arası kəsilmir, xalq böyük şairi hörmətlə yad edir. Vaqifin bu misraları yadıma düşür: “Külli Qarabağın abi-həyatı, nərmənazik bayatıdır, bayatı”. Fikrimcə, bu misralar Qarabağ haqqında yazılmış ən böyük və ən qiymətli əsərdir. Hətta Qarabağ haqqında yazılmış iri kitablar belə bu misralardan yuxarı qalxa bilmir. Bu misraları  ancaq Vaqifin şirin, səlis və aydın dili yaza bilər. Ona görə də Azərbaycan xalqı, xüsusən də qarabağlılar Vaqifi çox sevir.

Şuşanın tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksi Qarabağda tanınmış nəsillərdən olan və xanlığın idarəetmə sistemində çalışmış Mehmandarovlar ailəsinə aiddir. Malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Məscidə gedən yolda sonralar bulaq tikilib. Sovetlər dönəmində böyük yaşayış evində Şuşa Səhər Xəstəxanası yerləşib. Bu kompleksdə həmçinən, Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı fəaliyyət göstərib. 1992-ci ildə muzeyin eksponatlarının bir qismi Bakıya köçürülüb. Erməni vandalizmi burada da özünü göstərib. Hətta Mehmandarovların kiçik yaşayış evi ermənilər tərəfindən mənimsənilərək Tarix, məscid isə Geologiya muzeylərinə çevrilmişdir. Şuşa işğaldan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksi də bərpa-təmir edilərək istifadəyə verilmişdir.

Malikanəyə daxil oluruq. Öz işinin mahir ustası Səmayə xanımla tanış oluruq. Səmayə xanım xırda detallaracan yüksək səviyyədə bərpa-təmir işləri aparılmış otaqlarda nümayiş etdirilən milli əşyalar, geyimlər, məişət əşyaları, foto-şəkillər barədə həvəslə məlumat verir. Eksponavtlar on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəllərinə aid interyer qaydalarına uyğunlaşdırılıb. Bir anlıq adam özünü sanki həmin dövrdə yaşamış Qarabağ zadəganlarının malikanəsində hiss edir.

Bu da Şuşa qalasının  şimal hissəsində yerləşən Gəncə qapısı. Qalanın üç əsas qapısından biri olan Gəncə qapısı ziyarətçilərin sevdikləri ən maraqlı yerlərdən biridir. Ziyarətçilər dəstə-dəstə bu yerləri gəzir, xatirə şəkilləri çəkdirirlər. Günün hansı hissəsində getsən belə orada adamlar var. Bir az yuxarıda Xan qızı Natəvanın çəkdirdiyi bulağın ətrafı da gələnlərlə doludur. Xan qızının evi isə hələ öz təmirini gözləyir. Ümumiyyətlə, Şuşanın hər tərəfində tikinti gedir, bərpa-təmir işləri aparılır. Hələ görüləsi çox işlər var, Şuşanın hər qayası, daşı tarixdir. Şuşanı gələcəyini təssəvvür edirəm, dünyanın ən gözəl bir şəhər olacaq. Bunu görülən işlər sübut edir.

“Qarabağ” oteli də xatırimdədir. Sovetlər dönəmində Şuşada ezamiyyətdə olduğum günlərdə “Qarabağ” mehmanxanasında (onda belə adlanırdı) gecələmişdim. İndi təmir olunaraq istifadəyə verilib.

Şuşada yaşayış binaları da sürətlə tikilir. Artıq tikintisi bitmiş binalara sakinlər köçürülüb. Maraqlı layihələrdir, hər bir tikinti də Şuşa memarlığı özünü göstərir. Həyətlərin birində 10-12 yaşlı bir dəstə uşaqlarla söhbət edirik. Dedilər futboldan gəlirik, özü də udmuşuq  o biri komandanı. Onlar Şuşaya, doğma evlərinə Azərbaycanın müxtəlif bölgələrindən gəliblər əsl şuşalı kimi qayıdıblar.

1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhərdə olan həbsxana da ermənilərin nəzarətinə keçmişdir. Burada çoxlu sayda azərbaycanlı əsirlər, mülki şəxslər saxlanılmış, onlara min cür əzab-əziyyət verilmişdir. Həbsxananı gəzdikcə adamı qəhər boğur, dəhşətə gəlirsən, yüzlərlə soydaşlarımız burada olmazın zülümlər görmüşlər. Bu həbsxana canlı şahiddir. Şükür ki, Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan əsgəri bu yerləri azad etdi. Bizimlə birlikdə gəzənlər Şuşa həbsxanasının gələcəkdə tarixi bir muzeyə, abidəyə çevrilməsini söyləyirdilər.  

Ağır Şuşa həbsxanasından çıxıb məşhur İsa bulağına tərəf gedirik. Sanki adam yüngülləşir. Şuşadan 2 kilometr aralı, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsa bulağı təbiətimizin nadir incilərindən biridir. Buranın suyu dadlı və soyuq, göz yaşı kimi dupdurudur. Yaxşı yadımdadır, 1979-cu ilin iyulunda sair Əli Mahmud, yazıçı Aqil Abbas, Vasif və mən İsa bulağına getmişdik. Əli müəllim qonaqlıq verirdi. Mürsəl kişinin səsi aləmə yayılmışdı, “Şuşanın dağları” daha çox yadımda qalmışdı.

İşğaldan sonra İsa bulağı da yenidən bərpa edilmişdir. Şuşaya gəlib İsa bulağını görməmək günahdır. Yavaş-yavaş bulağa tərəf enirik. Çoxlu sayda ziyarətçi gəlib, oturmağa və maşını saxlamağa belə yer yoxdur. İnsanlar dəstə-dəstə gəlir. İsa bulağının adamı bihuş edən suyundan içib şəhərə qayıdırıq. Axşamdır, yeməyi şəhərdə yeməli olacağıq. Ancaq günümüz xoş keçdi, Şuşanı xeyli gəzə bildik, doymaq olmur ki.

Səhər tezdən Laçına çıxırıq. Can Laçına birinci dəfə gedirəm, heç vaxt olmamışdım. Ancaq oraların təbiətinin gözəlliyi, insanlarının mərdliyi barədə kifayət qədər eşitmişdim. Təxmnən 45 dəqiqə meşələrin və dağların arası ilə yol gedirik. Yolboyu yol tikintisi şirkətlərinin nümayəndələri ilə rastlaşırıq. Qızğın işlər gedir.

Laçının yaxınlığında yerləşən Turşsu bulağına qalxmaq istəyirik. Yolum kənarında onlarla maşın dayanıb. Ancaq bulaq istiqamətində işlər getdiyindən oraya qalxmaq olmur. Yolumuza davam edirik. Nəhayət, dağlar qoynunda yerləşən Laçına çatırıq. Laçın o qədər gözəl görsənir ki. Şəhərin sakinləri öz işləri ilə məşğuldur. Evlər təmir edildikcə əhalinin sayı yavaş-yavaş artır. Mağazalar, restoranlar və digər bir sıra məişət obyektləri işləyir. Laçının girişindəki hündür təpədən (tamamlama işləri hələ başa çatmayıb) şəhəri seyr edirik. Buradan nəinki Laçının ərazisi, həm də qarşıda yerləşən erməni kəndləri də görsənir. Bir sözlə, Laçın yaşayır. Seçki məntəqəsindən çıxan bir dəstə ağsaqqalla söhbətləşirik. – Həm Prezidentimizdən,  həm də əsgərlərimizdən razıyıq. Allah onları qorusun, onların hesabına yurdumuza qayıtmışıq. Hər cür şəraitimiz var. Az qala hər gün dövlətimiz burada tədbirlər keçirir. Haralardan nümayəndələr gəlmir. İndi Laçını tanımayan yoxdur.

Sonra seyrangah deyilən əraziyə düşürük. Gözəlliklər məskənidir Laçın, desək yanılmarıq. Üzü aşağı Həkəri çayına tərəf düşürük. Yolboyu bir neçə bulaq-abidə düzəldilib. Bulaqların suyu ləzzətli, həm də soyuqdur. Birbaşa içmək olmur, qurtum-qurtum içib, qablarımızı doldururuq. Çayın sahilində Laçınlıların, eləcə də gələn qonaqların istirahəti üçün lazımı işlər görülüb. Yollar asfaltlanıb. Ailələr burada rahat dincələ bilirlər. Uşaqlar da unudulmayıb, onlar üçün də maraqlı qurğular quraşdırılıb. Ümumiyyətlə, Laçında yaşamaq üçün bütün şərait yaradılıb. Buranın sakinləri qonaq sevəndir, gələn qonaqları hər kəs evinə dəvət etmək istəyir.

Yolboyu Laçında gördüklərimizdən heyrətə gəlmişdik. Qayıdanda Laçının göz oxşayan təbiəti ilə daha yaxından tanış olduq.

Şuşaya qayıtmalıyıq. Orda gecələməli olacağıq, səhər tezdən isə bizi Xankəndi, Kərkicahan, Xocalı, Əsgəran, Ağdam gözləyir. Yarım gün vaxtımız var, çatdırmalıyıq.

Səhəri dirigözlü açdıq. Otelin gülərüz əməkdaşları ilə sağollaşıb üzüaşağı Xankəndinə gedirik. Əvvəllər Xankəndində olsam da demək olar ki, heç nəyi xatırlaya bilmədim. Yalnız şəhərin mərkəzi hissəsi azaçıq yadıma düşdü.

Xanın kəndinə səhər tezdən daxil olduq. Bu kənd on səkkizinci əsrdə Qarabağ xanları tərəfindən salınmışdır. Əvvəllər burada ancaq xan ailəsi və yaxınları yaşadığından bu ərazi “xanın kəndi” kimi tanınmışdır. Sonra getdikcə böyümüşdür. Çar Rusiyasının Qarabağı işğal etməsindən sonra isə digər ərazilər kimi Xankəndinin qara günləri başlayır. Buraya hərbi hissələr, ruslar, İrandan gəlmiş ermənilər yerləşdirilir. Getdikcə azərbaycanlı ailələr sıxışdırılır. Hətta SSRİ dönəminin ilk illərində Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyiblər. Lakin güclü müqavimət nəticəsində Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilir. 1923-cü ildə Xankəndinin adı dəyişdirilərək xalqımıza qarşı soyqırım törətmiş Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılır. 1978-ci ildə isə şəhər statusu alır. 1988-ci ildə burada Azərbaycan əleyhinə mitinqlər başlayır. Şəhərdə yaşayan azərbaycanlılara qarşı qanlı terror aktları başlayır.

Yalnız 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri üzərində Azərbaycanın suverenliyi bərpa olunur.

Şəhərin küçələrində gəzdikcə adam qürur hissi keçirir, başımız üstündə üç rəngli Azərbaycan bayrağı dalğalanır, küçələrin, yeməkxanaların adları doğma dilimizdə yazılıb. Əvvəla Kərkicahana getmək istəyirik. Xankəndinə bitişikdir, şəhərin yuxarı hissəsində yerləşir. Gəzməyə icazə verilən yerlərə baxırıq. Evlərdə təmir-bərpa işləri aparılır. Kərkicahanlı tanışımız maraqlı hadisə danışır. Azərbaycanlıları Kərkicahandan qovandan sonra buradakı evləri kasıb, imkansız erməni ailələrinə verirlər. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatından sonra ermənilər Kərkicahanı tərk edirlər. Kərkicahana, evlərinə baş çəkən soydaşımızın anası nə görsə yaxşıdır? 35 il əvvəl bu evə çehiz gətirdiyi əşyalar, mebellər və s. yerindədir. Sən demə, burada yaşayan imkansız erməni ailəsi heç bir dəyişiklik etmədən uzun illər soydaşımızın evində yaşayıb və antiterror əməliyyatından sonra buranı tərk edib.

Şəhərin mərkəzinə qayıdırıq. Az qala hər küçədə müxtəlif sahənin nümayəndələri çalışırlar. Küçələr, su, işıq və digər kommunal sahələr yenidən qurulur. Bütün dövlət qurumları işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 15 oktyabr 2023-cü ildə qaldırdığı Dövlət Bayrağımız şərəflə dalğalanır. 8 noyabrda burada hərbi parad keçirilmişdir. Şəhər stadionu bərpa edildikdən sonra, 21 dekabr 2023-cü ildə Xankəndində futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində “Qarabağ” komandası MOİK-lə qarşılaşmışdır. Stadionun görünüşü və şəraiti adamda xoş təəssüratlar yaradır.

“Qarabağ” universiteti ilk tədris ilinə hazırlaşır. Bu, tarixi hadisə olacaq. Tələbələr bütün şəraiti olan yataqxanalarla ödənişsiz təmin olunacaq. Tələbələrin sayı ildən-ilə artacaq, Xankəndi yüksək səviyyəli mütəxəssislər yetişdirən təhsil mərkəzinə çevriləcək.

Vaxtımız azalır, yaxınlıqdakı restoranda yüngül nahar edib Xocalıya tərəf irəliləyirik. Xocalıya hələ “Şuşa” qəzetində praktikada olduğum vaxtlarda  getmişdim. Vasif, onun qohumu rəhmətlik Rövşən və mən. Demək olar ki, yadımda heç bir şey qalmayıb. Yolda çalışan işçilərdən məlumat almağa çalışıram. - Qabaqdan, birinci döngədən sola dönün, sizi düz Xocalıya aparacaq. Mərkəzə çatırıq. Gənc bir oğlan gəlir, söhbətarası – xocalıyam, deyir. Məlum olur ki, ilkin köçənlərdəndir. İki yüzə yaxın Xocalı sakini vətəninə  qayıdıb. Səliqəli və bütün şəraiti olan evlərdə yerləşiblər. Doğma yurda qayıdan xocalılar hərtərəfli  dövlət qayğısı ilə əhatə olunublar.

Xocalı mülki sakinləri erməni işğalı zamanı böyük əziyyət çəkmişlər. Onlara qarşı soyqırım həyata keçirildi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə  Ermənistan Silahlı Qüvvələri keçmiş Sovet Ordusunun xankəndində yerləşən 366-cı alayın iştirakı ilə  Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı görünməmiş qəddarlıqla divan tutdu. Ancaq Azərbaycan əsgəri bu qisası döyüş meydanlarında aldı.

Ölkə ərazisinə səpələnmiş xocalılar indi dövlətimizin qayğısı və dəstəyi sayəsində yenidən doğma ocağa qayıdırlar. Əlbəttə, bu qayıdış əbədidir. Biz burada daimi yaşayacağıq, deyirlər.

Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi isə bəşəriyyətə qarşı yönəlmiş dəhşətli soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, günahsız qurbanların xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Xocalıdan xoş təəssüratla ayrılırıq.

Əsgərana çatırıq. Bizi möhtəşəm Əsgəran qalası qarşılayır. Qalanı Pənahəli xan öz xanlığının şərq sərhədində tikdirmişdi. Bu, Qarabağ xanlığının şərq qapısı idi. Bura Şuşadan 24, Xocalıdan isə 5 km məsafədə yerləşir.

Ermənilər bu qalanı da özünküləşdirməyə çalışırdılar. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı Əsgəran qalası da separatçılardan azad olunmuşdur.

Əsgərandan Ağdama 12 kilometrdir. Yolda qızğın tikinti işləri gedir. Ağdam istiqamətində geniş yol salınır. Hələki qarşıda yaşayış məntəsi görsənmir. Tikinti şirkətinin nümayəndələri Ağdam yolunu bizə göstərir. Sürəti aşağı salıb narahat yolla davam edirik. Mənə elə gəlir ki, deyilən vaxtdan çoxdur gedirik, lakin Ağdama çatmamışıq. Yolda maşınına texniki xidmət göstərən sürücüdən Ağdama necə getməyi soruşuram. O, mənə təəccüblə baxıb dedi: - Ağdamın içi ilə gedirsən!

İlahi, adam dəhşətə gəlir. İçində nə qədər nifrət olar insanın? Füzuli, Cəbrayıl və digər işğal olunmuş rayonlarda heç olmasa evin damı, qapı-pəncərəsi aparılıbsa, daş-divarlar yerindədir. Ancaq Ağdamda vəhşi, xain düşmən daş divarları da dağıdıb. Kilometrlə yol gedirsən, hiss eləmirsən dağıntını, az qala daşları da əziblər, xırdalayıblar. Artıq qarşıda Ağdam məscidi görsənir, ətrafda tikinti-bərpa işləri aparılır. Ağdam bərpa edilir, inanırıq ki, bu tarixi şəhər Azərbaycanımızın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Ağdam Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmişdir. Erməni işğalı zamanı məscid tam dağılmayan yeganə tikili olmuşdur. Burada donuz, mal-qara saxlamışlar. Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Ağdam Cümə məscidi də ən yaxşı mütəxəssislər cəlb olunmaqla yenidən təmir olunaraq istifadəyə verilmişdir. Onu deyək ki, ilk bərpa olunan dini, mədəni abidələrimizdən biri də Ağdam Cümə məscididir.

Yolumuz Bakıyadır. 2 gecə, 3 gün sanki bir göz qırpımında keçdi. Füzulidə, Şuşada, Laçında, Xankəndində, Xocalıda, Ağdamda və digər işğaldan azad olunmuş torpaqlarımızda böyük abadlıq, quruculuq işləri aparılır. İnanırıq ki, abadlıq, quruculuq işləri uğurla başa çatacaq, vətəndaşlarımız öz elinə-obasına qayıdaraq firavan həyat sürəcəklər. Öz doğma ocağına qayıdan insanların gözlərində işıq gördüm, sevinc gördüm. Allah bu sevinci növbə gözləyən digər soydaşlarımıza da qismət eləsin! Amin!

Əsas məqamlardan biri də budur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində işğaldan azad edilmiş bölgələrdə olan seçicilər dəstədikləri namizədlərə öz doğma torpaqlarında səs verəcəklər. Bu da azad edilmiş ərazilərdə həyatın davam etdiyini göstərir.

Elşad QOCA