Bakıda kirayə evlər BAHALAŞIR - YENİ QİYMƏTLƏR BURADA

 16:11 15.08.2024     785

Gələn aydan ali təhsil müəssisələrinin açılması rayonlarda yaşayan tələbələrin Bakıya gəlməsini labüd edir. Bu zaman isə təbii olaraq, onların mənzil problemi məsələsi meydana çıxır. Hər il bu ərəfələrdə kirayə ev bazarında müşahidə olunan qiymətlərdəki artım bu il nə qədər olacaq?

Bu barədə əmlak eksperti Ramil Qasımzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, artıq indidən kirayə qiymətlərində yüksəlmə hiss olunur. Hətta mərkəzdən kənar ərazilərdə, məsələn "Neftçilər", "Xalqlar Dostluğu" metrosu yaxınlığında belə bir otaqlı kirayə mənzillər 400-450 manata təklif edilir:

"Bu, bazardakı qiymətlərdən 50-100 manat bahadır. Hesab edirəm ki, belə qiymət artımı 1-2 ay davam edəcək. Daha sonra qiymətlər yenidən stabilləşəcək. Bu analoji vəziyyəti hər il müşahidə edirik. Bu il sentyabr ayından kirayə bir otaqlı mənzillər 300-350 manatdan, iki otaqlılar 400-450 manatdan, üç otaqlılar isə 500 manatdan başlayır. Bu qiymətlər köhnə tikililərə aiddir. Yeni binalarda isə kvadrat sahəsindən asılı olaraq 8 manatdan başlayaraq qiymətlər təklif olunur. Belə ki, yeni binalarda kirayə bir otaqlı mənzillər 450, iki otaqlılar 600, üç otaqlılar isə 700 manatdan başlayır". 

Ekspertin sözlərinə görə, əsasən, metrolara və ali təhsil müəssisələrinə yaxın ərazilərdə yerləşən binaların kirayə qiymətləri daha yüksəkdir:

"Xüsusilə, "Elmlər Akademiyası", "Nəriman Nərimanov", "28 May" metroları ətrafındakı kirayə mənzil bazarı bahadır. Buna adekvat olaraq, "Əhmədli", "Həzi Aslanov" metroları ərazilərində də qiymətlərdə dəyişikliklər gözlənilir. Bahalaşma oktyabr-noyabr aylarından sonra səngiyə bilər. Daşınmaz əmlak bazarında evlərin qiymətlərindəki artımı keçən il də müşahidə etdik. Bu da kirayə qiymətlərindən təsirsiz ötüşmür. Fürsətdən istifadə edib birotaqlı mənzilləri 500 manata qədər, iki otaqlıları 700, üç otaqlıları isə hətta 1000 manata kirayə vermək istəyənlər olur. Lakin nəzərə almaq lazımdır ki, bu qiymətlər müvəqqətidir. Həmin evlər bir müddətdən sonra boşaldılır".

Sevinc İBRAHİMZADƏ