Quru sərhədlərimizin açılacağı vaxt MƏLUM OLDU - AÇIQLAMA

 15:52 16.08.2024     2335

Azərbaycanın qonşu dövlətlərlə quru sərhədləri pandemiya dövründən bəri hələ də açılmayıb. Bununla bağlı insanlar, xüsusilə xaricdə oxuyan tələbələrin şikayətləri var. Onlar təyyarə biletlərinin baha olması səbəbindən hava yollarının sərf etmədiyini bildirirlər. Bəs quru sərhədlər nə vaxt açıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, quru sərhədlərin açılmamasının mühüm səbəbləri var.

"Quru sərhədlərinin açılması hamımız üçün çox vacibdir, amma bundan daha çox vacib olan təhlükəsizliyimizin qorunmasıdır. Ona görə də sərhədlərin açılması, yoxsa təhlükəsizliyimizin təmin olunması seçimini etmək məcburiyyətində qalsaq, mən əminəm ki, elə sosial şəbəkələrdəki vətəndaşlarımız da, hər bir Azərbaycan vətəndaşı da təhlükəsizliyə üstünlük verəcək. Hazırda biz çox gərgin bir mərhələdən keçirik. Regionumuzda, şimal qonşumuzda müharibə gedir. Cənub qonşumuz müharibəyə cəlb olunmaqdadır, müharibə vəziyyətindədir. Bütövlükdə Ermənistan, Azərbaycan özü müharibə vəziyyətindədir. Ermənistanın Azərbaycan ərazisində müəyyən terror törətmək potensialı mövcuddur".

Millət vəkili qeyd etdi ki, sərhədlərin açılması üçün əvvəlcə sülh müqaviləsi imzalanmalıdır.

"Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, bu təhlükə həmişə qalacaq. Elə son günlərdə Azərbaycanın əraziləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Ona görə də belə olan halda mənə elə gəlir ki, biz ilk növbədə təhlükəsizliyimizin təmin olunmasını düşünməliyik və Azərbaycan dövləti də əslində bunu edir. Hər bir Azərbaycan vətəndaşı əmin olmalıdır ki, təhlükəsizlik məsələlərimiz tam təmin olunduqdan sonra, yəni təhlükəsizliyimizi təhdid edən bütün mümkün riskləri aradan qaldırıldıqdan sonra quru sərhədlərimiz açılacaq, həmçinin genişlənəcək", - deyən Hikmət Babaoğlu onu da əlavə etdi ki, quru sərhədlərin bağlı olmasının üstünlüyü var ki, bu, səssiz müharibə adlandırdığımız müxtəlif xəstəliklərin Azərbaycana gəlməsinin qarşısını almaqdır.

Türkan İSGƏNDƏRLİ