YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir - FOTO

 19:50 20.08.2024     443

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur adına Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri  Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.  O, deputatlığa namizəd Afət Həsənova haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. 

Afət Həsənova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa, fəaliyyəti dövründə yarım qalmış işləri tamamlamağa çalışacağına söz verib.  

Tədbirdə çıxış edən qəsəbə ziyalıları Hacıbala Eyvazov, Fəridə Bunyatov, əməkdar artist Ağalar Bayramov və qəsəbə sakinləri namizədə fəaliyyət dövründə vətəndaşların yanında olduğuna görə öz minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmiş, seçicilərin 1 sentyabr seçkilərində yenidən Afət Həsənovaya etimad göstərərək səs verəcəklərini vurğulamışlar.

222222