Fransa mallarından kənar durun! - AİB sədrindən ÇAĞIRIŞ
Xəbər verdiyimiz kimi, Fransanın Qrand Est, Danimarka Krallığının isə Cənubi Danimarka, Midtyulənd regionlarında blutanq xəstəliyi qeydə alındığı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün həmin ərazilərdən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Bəs xaricdən Azərbaycana gələn məhsulların yoxlanışı hansı üsullarla aparılır? Həmin yoxlanış üsulu kifayət qədər effektiv hesab edilə bilərmi?
Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlama verdi.
"Məhsulların təhlükəsizliyini yoxlayan və mükəmməl laborotoriyaya malik olan Qida Təhlükəsizliyi Agentliyidir. Çox təəssüflər olsun ki, quru sərhədlərdə AQTA-nın laboratoriyaları yoxdur, yalnız hava sərhədində var. Gömrük orqanları əsasən sərhədlərlə işləyir və ölkənin əmtəə bazarına bəzən arzuolunmaz məhsullar daxil olur. Sənayə malları sektorunda isə bu, həddindən artıq çoxdur. Saxta məktəbli formalarını bunlara misal çəkmək olar. Ona görə də AQTA-nın quru sərhədlərinə mütləq böyük laboratoriyaları qurulmalıdır və onların ciddi nəzarəti altında ölkəyə məhsullar gətirilməlidir".
Ekspert Fransa mallarının ölkədə satılması məsələsinə də toxundu:
"Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyinə 27 il ərzində hökumət orqanları maneəçilik etməsələr də, bunun güclü bir təşkilata çevrilməsinə təkan verməyiblər. Çünki belə təşkilatlar, adətən, Azərbaycanla siyasi münasibətləri pis olan ölkələrin mallarını baykot edir və iqtisadi cəhətdən onlara zərbə vurur. Məlumdur ki, bütün bu müharibələrin hamısı iqtisadi bazarı ələ keçirmək üçündür. Məsələn, Polşada dövlət AİB kimi təşkilatın 40 ofisini saxlayır. Özbəkistanda bütün insanlar öz əməkhaqlarından müəyyən faiz istehlakçılar təşkilatının hesabına keçirir və s. Əfsus ki, Azərbaycanın dövlət orqanlarında işləyən şəxslərin çoxusu həm də bizneslə məşğul olduğu üçün Azad İstehlakçılar Birliyini güclü təşkilata çevirə bilməyiblər ki, biz baykot edəndə həmin ölkənin malları satılmasın".
Eyyub Hüseynov Fransa mallarının Azərbaycanda satılmasının tamamilə əleyhinə olduğunu qeyd etdi:
"Nə üçün azərbaycanlıların pulu bizə pis mövqedə olan bir dövlətə getsin? Ona görə də çağırış edirəm ki, insanlar Fransa mallarından kənar dursunlar. İstisna olunmur ki, həmin müəyyən olunmuş Fransadan gələn məhsullarda olan blutanq xəstəliyinin elementləri Azərbaycanda olmasın. Düşünürəm ki, AQTA bu məsələləri yaxşıca araşdıracaqdır".
Sevinc İBRAHİMZADƏ