"Hər şeyi qlobal iqlim dəyişikliklərinin üstünə yıxmaq olmaz" - Xəzərlə bağlı maraqlı TƏKLİF

 16:32 22.08.2024     461

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi uzun müddətdir ki, müzakirə edilir. Hətta Rusiya Prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Prezident İlham Əiyev onunla da bu məsələni müzakirə edib.

Xəzərdə suyun səviyyəsinin qaldırılması üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirdi ki, Xəzərin quruması mümkün deyil.

"Zaman-zaman Xəzər dənizində su səviyyəsinin azalıb-çoxalması baş verir. Hazırda isə Xəzər dənizinin qismən səviyyəsinin artması prosesi gedir. Yenidən azalıb-çoxalmasını bilmək üçün ciddi araşdırmalar aparmaq lazımdır. Xəzər yeni geoloji erada yaranmış dənizdir. Qafqaz dağları ilə bərabər Qara dənizdən qopmadı. Daha da yüksələ bilər. Misal üçün ötən əsrin 80-ci illərin sonuna doğru Xəzər Bakının bir çox hissəsini basmağa başlamışdı. Belə şeylər araşdırılır və araşdırılmalıdır ki, bəri başdan hökm verilsin. Ümumiyyətlə isə Xəzərin suyunun azalaraq qurumasını o qədər də məntiqli hesab etmirəm". 

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli su səviyyəsinin azalma səbəbini belə izah etdi:

"Xəzər dənizinin suyunun hazırda azalmasının birinci səbəbi su daşıyıcı çayların kənd təsərrüfatında daha çox istifadə olunmasıdır. Məsələn, Kür, Araz, Volqa çayı və s. bir neçə ölkənin ərazisindən keçib, gəlib Xəzərə çatır. Bu çaylar üzərində suvarmalarda istifadə olunduğuna görə az qismi dənizə tökülür. 

Güney Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra, Aral dənizi eləcə də Ceyhun, Ərhum, Amudərya, Sırdərya, çaylarının pambıq suvarmasında istifadə olunması nəticəsində demək olar ki, quruyub. Xəzər dənizinin suyunun azalması birinci növbədə qeyri-düzgün suvarmanın nəticəsidir. Təbii ki, digər səbəb qlobal istiləşmə ilə də bağlıdır. Ancaq hər şeyi qlobal iqlim dəyişikliklərinin üstünə yıxmaq olmaz. 

Axar sulardan istifadəni azaltmaq üçün su az tələb edən bitkilər əkilə bilər. Məsələn, zeytun daha çox məhsuldardır və suya çox ehtiyacı yoxdur. Biz pomidor, xiyar və s. əkirik, yetişdiririk sonra bunu xarici ölkələrə idxal-ixrac edirik. Yəni əslində bu qazanc bizə zərər gətirir. Elə Azərbaycan və Rusiya da dənizin suyunun artırlması üçün ilk təsərrüfatdan başlaya bilər". 

Ekoloqun sözlərinə görə, ölkəmizdə Xəzər dənizinin araşdırılması işləri aparılır.

"Rusiyada Xəzər Araşdırmalar İnstitutu varsa, bizdə də Akademiyanın Coğrafiya İnstitutunda bu bölüm, eləcə də fakültələr var. Xəzər İnstitutunun açılıb-açılmamasından asılı olmayaraq, Xəzərə düzgün yanaşmaq lazımdır. Son vaxtlar hətta Azərbaycanda Xəzər suyunun şirinləşdirilərək təsərrüfatda istifadə olunması üçün bir bahalı layihə var. Xəzərin suyu onsuz da azalır və bir də belə bir layihə bir az da Xəzərin suyunu azaltmağa meyillənəcək. Məncə, Xəzərə su daşıyan çaylara düzgün nəzarət olunsa, çaylar suvarmada düzgün istifadə olunsa, suda artım olar", - deyə Q.İbrahimli qeyd etdi.

Türkan İSGƏNDƏRLİ